Bank Of Baku

İsveçrəlilər referendumda ölkənin neytrallığının əbədi qorunmasına qarşı çıxıb - YENİLƏNİB

İsveçrəlilər referendumda ölkənin neytrallığının əbədi qorunmasına qarşı çıxıb - YENİLƏNİB
# 27 sentyabr 2026 16:23 (UTC +04:00)

İsveçrə sakinləri referendumda ölkənin neytrallığının əbədi qorunması ilə bağlı təşəbbüsü rədd ediblər.

APA xəbər verir ki, təşəbbüs Konfederasiyanın Konstitusiyasında əbədi və hərtərəfli neytrallıq prinsipinin təsbit edilməsini, həmçinin Rusiyaya qarşı tətbiq olunan sanksiyaların ləğvini və Konfederasiyanın NATO-ya üzv olmasının qadağan edilməsini nəzərdə tuturdu.

Konfederasiyanın Federal Statistika İdarəsinin açıqladığı ilkin səsvermə nəticələrinə əsasən, seçicilərin 68,60%-i təşəbbüsün əleyhinə səs verib, 31,40%-i isə onu dəstəkləyib. Seçici fəallığı 46,36% təşkil edib.

Təşəbbüsün qəbul edilməsi üçün ikili çoxluq, yəni həm seçicilərin, həm də kantonların əksəriyyətinin dəstəyi tələb olunurdu. Artıq 26 kantondan 13-ü, o cümlədən üç yarımkanton təşəbbüsün əleyhinə səs verdiyinə görə, onun uğursuzluğa düçar olduğu indidən məlumdur. Yekun nəticələrin axşam saatlarında açıqlanacağı gözlənilir.

***

saat 10.19

Bu gün İsveçrədə neytrallıq, sanksiyalar və ərzaq təhlükəsizliyinə dair referendum keçirilir.

APA xəbər verir ki, İsveçrənin neytrallığının qorunması təşəbbüsünü sağ-mühafizəkar İsveçrə Xalq Partiyasına yaxın olan “İsveçrə naminə” Birliyi irəli sürüb.

Təşəbbüs ölkənin daimi neytrallığı ilə bağlı müddəanın Konstitusiyada təsbit olunmasını, həmçinin onun tətbiqi üçün daha sərt qaydaların müəyyənləşdirilməsini nəzərdə tutur.

Xüsusilə, bu təşəbbüs İsveçrənin hərbi və ya müdafiə ittifaqlarına qoşulmasını və onlarla əməkdaşlıq etməsini qadağan etməyi nəzərdə tutur. İstisna yalnız ölkəyə hücum edildiyi və ya ona qarşı birbaşa hücuma hazırlıq görüldüyü hallarla bağlıdır. Təşəbbüs həmçinin üçüncü dövlətlər arasında baş verən hərbi münaqişələrdə iştirakdan imtina edilməsini nəzərdə tutur.

Təşəbbüsün tərəfdarları hesab edirlər ki, bu, İsveçrəni daha təhlükəsiz edəcək, çünki bütün dövlətlər onun sərt neytrallığına hörmət edəcək və bunun sayəsində ölkə, o cümlədən, məsələn, Rusiyanın hücumlarından qorunacaq. Öz növbəsində, təşəbbüsün əleyhdarları bildirirlər ki, müasir dövrdə neytrallığın arxasında gizlənmək və təcavüzkarla qurbanı eyni müstəvidə tutmaq olmaz.

İsveçrənin müharibə aparan dövlətlərə qarşı sanksiyalar tətbiq etməməsi təklif olunur

Digər müddəa sanksiyalara aiddir. Bu müddəa qəbul ediləcəyi təqdirdə, İsveçrə müharibə aparan dövlətlərə qarşı sanksiyalar tətbiq edə bilməyəcək. İstisna BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi tədbirlər, eləcə də sanksiyalardan yayınmanın qarşısının alınmasına yönəlmiş tədbirlər olacaq. Belə ölkələrlə biznes əlaqələri əvvəlki həcmdə davam etdiriləcək.

Təşəbbüs Bernin Rusiyanın Ukraynaya silahlı müdaxiləsindən sonra yürütdüyü siyasətlə bağlı mübahisələr fonunda irəli sürülüb. İsveçrə müharibə başlayandan sonra Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların əksəriyyətinə qoşulub.

Federal Şura və parlament bu təşəbbüsün əleyhinə çıxış edir. Hesab edilir ki, qüvvədə olan qanunvericilik artıq İsveçrənin daimi neytrallığını təsbit edir, təklif olunan dəyişiklik isə ölkənin dəyişən beynəlxalq vəziyyətə reaksiya vermək imkanlarını məhdudlaşdıracaq.

Ərzaq məsələsi

Sentyabrın 27-də səsverməyə çıxarılan ikinci federal təşəbbüs ərzaq təhlükəsizliyinə aiddir. Təşəbbüs ölkə daxilində istehsal olunan ərzaq məhsullarının payının istehlakın ən azı 70 faizinə çatdırılmasını təklif edir.

Sənəddə həmçinin bitki mənşəli məhsulların istehsalının artırılması, bitkilərin mühafizəsi vasitələri və gübrələrdən istifadənin azaldılması, eləcə də içməli suyun, münbit torpaqların və biomüxtəlifliyin qorunmasının gücləndirilməsi nəzərdə tutulur.

Təşəbbüs qəbul edildikdən sonra qarşıya qoyulan məqsədlərə on il ərzində nail olunması təklif edilir. Federal Şura və parlament bu təşəbbüsün də əleyhinə çıxış edərək bildiriblər ki, onun həyata keçirilməsi dövlətin kənd təsərrüfatı istehsalına və əhalinin qidalanma rasionuna əhəmiyyətli müdaxiləsini tələb edəcək və arzu olunan nəticələrə müəyyən edilmiş müddət ərzində nail olmaq çətin olacaq.

Hər iki təşəbbüsün qəbul edilməsi üçün yalnız seçicilərin səs çoxluğunun deyil, həm də kantonların əksəriyyətinin dəstəyi tələb olunur. Səsvermənin nəticələrinin artıq bazar günü günortadan sonra açıqlanacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR