ABŞ-ın şimal-şərqində bazar günü güclü yağış və külək müşahidə olunan fırtına nəticəsində on minlərlə insan işıqsız qalıb, 1 nəfər ölüb.
Bu barədə AFP məlumat yayıb.
Bruklində 56 yaşlı kişi küləyin aşırdığı ağacın onun üzərinə düşməsi nəticəsində ölüb.
Nyu-York, Boston və Filadelfiya fırtınanın təsirinə məruz qalıb. Hakimiyyət orqanları böyük daşqınların baş verə biləcəyi və yolların bağlanacağı barədə xəbərdarlıq ediblər.
Orta Atlantik sahilləri boyunca böyük dalğalar gözlənilir.
Nyu-York ştatının qubernatoru Keti Hokul bildirib ki, fırtına şənbə günü Nyu-York şəhərinin sahilyanı əraziləri və Lonq-Aylend istiqamətində güclənib, bəzi ərazilərdə hündürlüyü 6 metrə çatan dalğaların olacağını gözləyirlər.
Bazar günü saat 01:30-a (Qrinviç vaxtı ilə 05:30) Nyu-York, Nyu-Cersi, Konnektikut, Massaçusets, Rod-Aylend və Pensilvaniya ştatlarında təxminən 80 min abonent elektrik enerjisiz qalıb.
Növbəti bir neçə gün ərzində Lonq-Aylenddə 15 santimetrədək yağıntı düşəcəyi proqnozlaşdırılır.
Fırtına bazar günü yüzlərlə aviareysin ləğvinə səbəb olub. Təkcə Bostonun Loqan hava limanına və hava limanından həyata keçirilməli olan 171 reys ləğv edilib, region üzrə isə gecikmələr davam edib.
Dünya liderlərinin BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün toplandığı Birləşmiş Millətlər Təşkilatı da tədbiri işıqlandıran media qurumlarından güclü küləklər səbəbindən yayım avadanlıqlarını Nyu-Yorkdakı təşkilatın baş qərargahının qarşısından götürməyi xahiş edib.
Nyu-Yorkda “Global Citizen” və “All Things Go”, Merilenddə isə “Oceans Calling” festivalları da daxil olmaqla, bir sıra iri mədəni tədbirlər ləğv edilib.
“Əvvəlcə təhlükəsizlik gəlməlidir. 14 il ərzində ilk dəfədir ki, tədbiri ləğv etmək məcburiyyətində qalmışıq”, - Mərkəzi Parkda keçirilməsi planlaşdırılan “Global Citizen” tədbirinin təşkilatçıları bildiriblər. Tədbirdə Lenni Kravitz, Lauryn Hill, Alicia Keys, eləcə də kantri musiqisi ifaçıları Lainey Wilson və Shaboozey-nin çıxış etməsi nəzərdə tutulmuşdu.
Boston da daxil olmaqla, Massaçusetsin bəzi ərazilərində təxminən 12,7 santimetr yağış yağacağı proqnozlaşdırılıb. Bu, bir aydan artıq müddətdə düşən yağıntının həcminə bərabərdir.
Böyük Britaniyadan olan pop müğənnisi Ed Şiranın Boston yaxınlığında həftəsonu keçirilməli olan konsertləri də fırtına səbəbindən ləğv edilib. Bu qərar onun konsert turu ilə bağlı yaranan geniş müzakirələrdən sonra verilib. Yeni İngiltərə sahillərində küləyin sürəti saatda 113 kilometrə çatıb.