Yunanıstan Baş nazirinin diplomatik ofisinin direktoru Anna-Mariya Bur ilə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın arasında Brüsseldə gizli görüş keçirilib.
APA xəbər verir ki, bu barədə Yunanıstanın “News Break” nəşri məlumat yayıb.
Görüş Almaniya kansleri Olaf Şoltsun xarici və təhlükəsizlik siyasəti üzrə müşaviri Yens Plötnerin iştirakı ilə baş tutub.
"Danışıqlar Almaniyanın Avropa İttifaqındakı (Aİ) Nümayəndəliyinin ofisində heç bir ilkin şərt qoyulmadan keçirilib ki, tərəflər qarşılıqlı münasibətləri bərpa etmək üçün niyyətlərini müzakirə edə bilsin. Yens Plötneri və Almaniyanın Afinadakı keçmiş səfiri də görüşdə iştirak edib”, - nəşr qeyd edib.
Qeyd edək ki, NATO çərçivəsində müttəfiq olan Türkiyə və Yunanıstan mübahisəli ərazilərə görə dəfələrlə silahlı münaqişənin astanasında olublar.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Liviyanın yalnız bir hissəsinə nəzarət edən Milli Razılıq Hökumətinin rəhbəri Fayez Sərracın imzaladığı hərbi sahədə əməkdaşlıq və dəniz zonaları üzrə qarşılıqlı anlaşma memorandumu diplomatik mübahisələrə səbəb olub.
Türkiyə memorandumunu nəzərə alaraq dəniz zonalarının xəritəsini dərc edib ki, bunun nəticəsində Yunanıstan sularının əhəmiyyətli bir hissəsi (red. Yunanıstan bu əraziləri özünün xüsusi iqtisadi zonası (XİZ) hesab edir) Türkiyəyə keçib. Türkiyə yunan adalarının şelfinin və XİZ-in mövcud olmadığını iddia edir.
Yunanıstan isə ona məxsus XİZ olmasını hesab etdiyi Şərqi Aralıq dənizi regionunda Türkiyənin 2020-ci ilin yayında keçirdiyi seysmik tədqiqatlara etiraz edib. Bu rəsmi Afina ilə Ankara arasında münasibətlərin kəskinləşməsinə səbəb olub.
Yunanıstanın milli müdafiə naziri Nikos Panagiotopoulos 2021-ci ilin fevralında açıqlama verərək bildirmişdi ki, Yunanıstan və Türkiyə 2020-ci ilin yayında üç dəfə silahlı qarşıdurma astanasında olub və Yunanıstan Silahlı Qüvvələrinin ümumi səfərbərliyi həyata keçirilib.
Ölkələr arasında gərginliyin yeni mərhələsi 23 avqust 2022-ci ildə baş verib. Türkiyə Müdafiə Nazirliyinin (MN) məlumatına görə, Yunanıstanın NATO missiyası zamanı türk F-16-larını hədəfə almaq üçün Rusiya istehsalı olan S-300 hava hücumundan müdafiə (HHM) sistemlərini bölgəyə yerləşdirib. Yunanıstan isə bunu inkar edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə dəfə bildirib ki, Yunanıstan təxribatları davam edərsə, “türklər gecə qəfildən gələ bilər”. Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyənin təhdidlərini və ölkəsinin suverenliyini şübhə altına almaq cəhdlərini qəbuledilməz adlandırıb.
Rəsmi Afina qeyd edir ki, bu böhran uzun müddət davam etməsi səbəbi ilə indiyə qədər görünməmiş və getdikcə kəskinləşən gərginlikdir.