“Sığınacaqda ən son fevral ayının 28-də olmuşam. Kiyevə atılan bomba düz dəmir yolu vağzalının yaxınlığına düşmüşdü. Ora da mənim evimə yaxındır”.
Bunu APA-ya açıqlamasında Kiyev sakini Anna Basova deyib.
“Sığınacaqda daha çətindir. Hər kəs öz həyəcanını fərqli yaşayır. Bir məqamı vurğulamalıyam ki, əgər bomba binaya düşsə, o zaman sığınacaq da yerlə-yeksan olacaq. Amma mən qorxmuram”, - deyə hazırda Ukrayna paytaxtında olan Anna Basova vurğulayıb.
Onun sözlərinə görə, şəhərdə tez-tez həyəcan siqnalı verilir: “Müharibə başlayandan dünən ikinci dəfə idi ki, mağazaya gedirdim. Düz 40 dəqiqə növbədə gözləmişəm. Piştaxtalar yarıboşdur. Başqa yerlərdə vəziyyət daha pisdir. Burada hamı səfərbər olub. Mənim Lvovda üç evim var. Birində atamla xəstə nənəm qalır, digər ikisini isə Kiyevdən qaçqın düşənlərə vermişəm. Mən burdan heç bir yerə qaçmayacağam. Yalnız və yalnız bu hadisələr bitdikdən sonra məzuniyyətə getmək arzusu ilə...”
Digər Kiyev sakini Tetyana Slesarçuk da sığınacaqda gecələyir.
“Mənim iki azyaşlı övladım var. Hadisələr başlayandan biz sığınacaqdayıq. Piştaxtalar demək olar ki, boşdur. İlk günlər ərzaqla bağlı çətinliyimiz var idi. Elə indi də var. Həyəcan siqnalı çalındığı zaman uşaqlar ağlayır. Mən yox, amma uşaqlarım çox qorxur... Atamgil Xarkovdadır. Xarkovda su, işıq və qaz yoxdur. Xarkovla müqayisədə Kiyev bir az yaxşıdır”, - deyə T. Slesarçuk Kiyevdən APA-ya açıqlamasında bildirib.
Tetyana Slesarçuk qeyd edib ki, nənəsi soyuq hava şəraitində sığınacaqda gecələdiyinə görə səhhətində problemlər yaranıb: “İnsanlar əsl cəhənnəm əzabı yaşayır. Ac, susuz... Bu müharibə bitməlidir. İnsanlar bombalara görə küçəyə çıxa bilmir”.