İyulun 19-da Rusiyanın üç raketlə zərbə endirdiyi Türkiyəyə məxsus "GOLDEN LEO" mülki yük gəmisində daha dörd dənizçinin meyiti aşkarlanıb.
UNIAN-ın məlumatına görə, bunu Odessa Vilayət Prokurorluğunun mətbuat xidməti bildirib.
Məlumata əsasən, bununla da Rusiya hücumu nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb. Ölənlərdən 9-u əcnəbi ekipaj üzvü, 1-i isə ukraynalı bələdçi (lotsman) olub.
"İyulun 20-si səhər saatlarına olan məlumata görə, düşmənin xarici mülki gəmiyə endirdiyi zərbə nəticəsində 10 nəfərin öldüyü təsdiqlənib. Daha 7 nəfər isə yaralanıb", – deyə Odessa Vilayət Prokurorluğundan bildirilib.
İlqar Xudiyev
***
00:49
Rusiya ordusu Qara dənizdə taxıl daşıyan mülki yük gəmisinə raket zərbəsi endirib.
"Unian" xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Bildirilib ki, Qvineya-Bisau bayrağı altında üzən, Türkiyə şirkətinə məxsus "Golden Leo" quru yük gəmisi döyüş zonasını tərk edərkən üç ədəd X-59/X-69 qanadlı raketlə vurulub.
Məlumata görə, gəmidə baş verən hücum nəticəsində azı altı dənizçi həlak olub.
Ölənlər arasında bir Ukrayna vətəndaşının da olduğu, ekipajın bəzi üzvlərinin taleyinin isə hələlik naməlum qaldığı bildirilib.
Ukrayna Hərbi Dəniz Qüvvələri hadisəni Qara dənizdə növbəti terror aktı kimi qiymətləndirib.