Türkiyə Ermənistanı hava yolu ilə birbaşa yükdaşımalar üçün məhdudiyyəti aradan qaldırması barədə məlumatlandırıb.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Vaan Unanyan deyib.
O, hava yolu ilə yükdaşımaların bərpasının iyulda iki ölkənin xüsusi nümayəndələrinin görüşündə əldə olunmuş razılaşmalardan biri olduğunu xatırladıb.
“Biz, üçüncü ölkə vətəndaşlarının iki ölkənin quru sərhədlərini keçməklə bağlı razılaşmanın da yaxın zamanlarda icra olunacağını gözləyirik”, - Ermənistan XİN rəsmisi qeyd edib.
***
17:30
Türkiyə ilə Ermənistan arasında hava yolu ilə yükdaşımalar başlayır.
APA xəbər verir ki, bu barədə “Habertürk” diplomatik mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, iki ölkənin xüsusi nümayəndələri arasında aparılan görüşlərin nəticəsində 1 yanvar 2023-cü ildən etibarən Türkiyə ilə Ermənistan arasında birbaşa hava yolu ilə yükdaşımaların mümkün olduğu qeyd edilib.
Diplomatik mənbələr, bu məsələnin Türkiyə Ticarət Nazirliyi tərəfindən Türkiyə İxracatçılar Birliyinə elan olunduğunu vurğulayıb.