Avropa İttifaqı Ermənistana əlavə 18 milyon avro yardım edəcək.
APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında deyib.
O bildirib ki, bu vəsait Ermənistanın ticarət əlaqələrinin möhkəmlənməsinə və diversifikasiyasına sərf olunacaq.
“Məsələn, bu məbləğ Ermənistanda İxracatın İnkişafı Agentliyinin yaradılması və Ermənistan biznesinin ixracat potensialının artırılmasında istifadə oluna bilər. 18 milyon 52 milyon avroluq yardım paketinin son tranşıdır”, - Avropa Komissiyasının Prezidenti qeyd edib.
Aİ liderinin sözlərinə görə, bundan başqa Ermənistanda muxtar ticarət tədbirləri təklif olunub ki, bu da Ermənistanın Avropaya ixracatının təxminən 80%-ni liberallaşdıracaq: “Bu isə o deməkdir ki, Ermənistanın Avropa İttifaqı ilə ticarətinin 80%-i tariflərdən azad ediləcək”.
Aİ lideri əlavə edib ki, bununla da Rusiyaya ixrac edilən Ermənistan məhsullarını Avropa bazarlarına yönəltmək olar: “Beləliklə, Ermənistanın Rusiyaya ixrac edilən qida məhsullarının 99%-nin Avropaya çıxış imkanı olacaq”.
Avropa Komissiyası onu da vurğulayıb ki, Ermənistanın hələ də Rusiya tərəfindən əhəmiyyətli iqtisadi təzyiqlərə məruz qaldığını bilirlər: “Ancaq əmin olun ki, tərəfdaşlarımıza təzyiq artdıqda, Avropa İttifaqı aktivləşir və hərəkətə keçir”.