Əsas prioritetlərimiz arasında Ukraynada gedən müharibəni dayandırmaq, onun yayılmasının qarşısını almaq, dəyərlərimizi müdafiə etmək, postmünaqişə dövrü və sülhdür.
APA xəbər verir ki, bunu Xorvatiyanın sabiq prezidenti Kolinda Qrabar-Kitaroviç IX Bakı Qlobal Forumu çərçivəsində “Ukrayna müharibəsi, müqavimət, qaçqınlar və yenidənqurma" mövzusunda çıxış edərkən deyib.
“Əlbəttə, bizim heç birimizin Ukraynaya müharibəni dayandırmağa, sülh müqaviləsi imzalamağa dair təzyiq etmək üçün hüququmuz yoxdur. Bu yalnız Ukrayna hökumətinin, Ukrayna xalqının qərarı ola bilər.
Biz Ukraynanı, Gürcüstanı eyni zamanda, Qərbi Balkanlara da diqqət ayırmalıyıq. İmkan verməməliyik ki, hazırkı müharibə bu regionda da gərginlik yaratsın”, - o vurğulayıb.
Sabiq Prezident qeyd edib ki, Rusiyaya qarşı sanksiyaların tətbiqi bu ölkələrin özünə də təsir edib, enerji qiymətləri, yüksək inflyasiya, ərzaq çatışmazlığı problemləri meydana çıxıb: “Sanksiyalar həmişə çox da səmərəli olmayıb və xalqlar əziyyət çəkir. Ancaq eyni zamanda, bu, beynəlxalq hüquqda bir alətdir”.
Kolinda Qrabar-Kitaroviç vurğulayıb ki, Ukrayna-Rusiya münaqişəsinin qlobal sistemdə digər münaqişələri də alovlandırma potensialı var: “Reallıq ondan ibarətdir ki, Rusiya qonşudur, bunu dəyişmək olmaz və biz ortaq məsələlərdə, məsələn terrorla mübarizə və ya iqlimlə bağlı danışmalıyıq”.
Sabiq Prezident əlavə edib ki, müharibədən sonrakı dönəm ən mürəkkəb dövrdür, çünki baş verənlərdən sonra barışıq istiqamətində işləmək lazım olur.
O, Ukraynada törədilən müharibə cinayətlərinin araşdırılmalı olduğunu və cinayətkarların öz cəzasını almalı olduğunu diqqətə çatdırıb: “Biz əlimizdən gələn dəstəyi verəcəyik ki, Ukrayna özünü müdafiə etsin, ancaq biz həm də sülh üçün əsas yaratmalıyıq. Diplomatik həll yolu münaqişələrin yeganə həll yolu olmalıdır”.