Azərbaycanda ilin sonunadək yeni sualtı qaz kəməri istismara veriləcək

Azərbaycanda ilin sonunadək yeni sualtı qaz kəməri istismara veriləcək
# 03 sentyabr 2007 10:04 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) həyata keçirilən Qaz Proqramı çərçivəsində “Neft Daşları”ndakı qazpaylayıcı məntəqədən “Bahar” yatağınadək ötürmə qabiliyyəti sutkada 5-5,5 mln. kubmetr olacaq 66,5 km-lik sualtı qaz kəmərinin çəkilişi planlaşdırılır. Bu barədə “APA-Economics”ə ARDNŞ-in mətbuat xidmətindən məlumat verilib.
Kəmərin çəkilişi məqsədi ilə Yunanıstandan 126 vaqon boru gətirilib. Bu həmin marşrutla çəkiləcək üçüncü xətt olacaq. Kəmər əvvəlki xətdən 50-100 metr aralıda inşa ediləcək. Qaz kəmərinin layihəsi “Neftqazlayihə” institutu tərəfindən hazırlanıb, tikintinin baş podratçısı isə “Neftqaztikinti” trestidir. Subpodratçı qismində “McDermott” şirkətinin iştirak edəcəyi kəmərin çəkiləcəyi ərazidə dənizin dərinliyi 10-30 metr arasındadır. Kəmərin inşası “İsrafil Hüseynov” borudüzən gəmisi vasitəsilə həyata keçiriləcək. Hazırda borular betonlaşdırılmaq üçün EUPEC zavoduna göndərilib. Kəmər bu ilin sonuna istismara veriləcək.
Qeyd edək ki, Qaz Proqramına əsasən, 2008-ci ildə Azərbaycanda qaz hasilatını 8 mlrd. kubmetrə çatdırmaq nəzərdə tutulur. /APA-Economics/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR