Bakıda itkin düşdüyü bildirilən 31 yaşlı kişi tapılıb.
Martın 2-də evdən çıxaraq geri qayıtmayan Bakı sakini Elşad Quliyevin yaxınları APA-ya onun metronun "Əhmədli" stansiyası ətrafında polis əməkdaşları tərəfindən aşkarlandığını bildiriblər.
Qeyd edək ki, martın 2-də həkimə getmək məqsədi ilə evdən çıxan 1991-ci il təvəllüdlü E.Quliyev sonra geri qayıtmayıb.
***
14.18
Bakı sakini itkin düşüb.
APA xəbər verir ki, martın 2-də həkimə getmək məqsədi ilə evdən çıxan 1991-ci il təvəllüdlü Elşad Quliyev geri qayıtmayıb.
Onun qohumu Samir Əmiraslanlı APA-ya bildirib ki, əqli qüsurlu olan E. Quliyev dünən səhər saatlarında 28 May metrosu istiqamətində həkimə getmək üçün evdən çıxıb: “Lakin yolu azıb Əhmədliyə gedib, orada polis əməkdaşları onu şübhəli şəxs qismində saxlayıb polis bölməsinə aparıblar. Bölmədə özü təkid edib ki, mən sağlamam özüm evə gedəcəyəm. Təxminən saat 14 radələrində bölmədən çıxıb. O saatdan bəri ondan xəbər yoxdur”.
Qohumu onu da qeyd edib ki, E.Quliyev əqli cəhətdən qüsurlu olduğu üçün evdən heç vaxt tək çıxmayıb. Ailə üzvləri onunla bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə müraciət ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov APA-ya bildirib ki, ailənin ərizəsi Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə daxil olub və həmin şəxs tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Aysel Şahmar