Şəkidə 16 şagird, 4 müəllim və 2 valideynin olduğu avtobus dərəyə aşıb - YENİLƏNİB-4 - FOTO - VİDEO

Şəkidə qəzaya uğrayan avtobus

© APA | Şəkidə qəzaya uğrayan avtobus

# 05 iyun 2022 19:22 (UTC +04:00)

Bu gün saat 16:30 radələrində Şəki şəhərində yerləşən istirahət mərkəzlərinin birində Ağdam rayon sakini Elyar Əhmədovun idarə etdiyi “ISUZU” markalı sərnişin avtobusunda yaranmış nasazlıqla əlaqədar nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən xəbərə görə, hadisə yerinə dərhal polis şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Təcili Tibbi Yardımın həkim briqadaları cəlb olunub, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

Hazırda faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Bildirilib ki, 4-ü müəllim, 2-si valideyn və 16-sı da şagird olmaqla ümumilikdə 22 nəfər gəzmək məqsədilə Samux rayonundan Şəki şəhərinə gəliblər.

Qeyd edək ki, TƏBİB-in yaydığı məlumatda bildirilib ki, Şəki şəhərində avtobus aşması zamanı xəsarət almış 11 nəfər saat 17:10 radələrində Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Vətəndaşlardan 10 nəfərə ilkin zəruri tibbi yardım göstərilərək 18:30 radələrində evə buraxılıb. Bir nəfərə isə bel nahiyəsinin küt travması, ll bel fəqərəsinin sınığı diaqnozu qoyulub və hazırda müayinəsi davam etdirilir.

***

saat 19.20

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəki şəhərində “İsuzu” markalı sərnişin avtobusunun dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif bədən xəsarətləri ilə sürücü və 22 nəfər sərnişini qəzaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

saat 17.37

Şəkidə avtobusun aşmasının bəzi təfərrüatları məlum olub.

APA-nın Şimal-Qərb bürosunun müxbirinin verdiyi xəbərə görə, avtobusu idarə edən şəxs - 1959-cu il təvəllüdlü Ağdam rayon sakini Elyar Əhmədov olub.

Elyar Əhmədovun idarə etdiyi “İsuzu” markalı 20 AY 305 dövlət nömrə nişanlı avtobus idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza zamanı avtobusda sürücü ilə birlikdə 23 nəfər olub.

Avtobusdakılar Samux rayon sakinləridir. Onlardan 16 nəfəri şagird, 6 nəfərin isə müəllim və yaxud valideyn olduğu bildirilir.

Yaralıların hamısı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda yaralılar müayinə edilir, şəxsiyyətləri dəqiqləşdirilir.

***

saat 17.21

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəki şəhərində “İsuzu” markalı sərnişin avtobusunun dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

saat 17.00

Şəkidə turistlərin olduğu avtobus aşıb.

APA-nın Şimal-Qərb bürosunun müxbirinin verdiyi xəbərə görə, bu gün saat 16.30 radələrində Şəki şəhəri, Mustafabəyov İstirahət Mərkəzində, dağlıq ərazidə içərisində 25 nəfərə yaxın turist olan İsuzu” markalı avtobus dərəyə aşıb.

Qəza nəticəsində yaralananlar var.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bir yanğınsöndürən maşını, şəxsi heyəti və xilasedicilər cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR