Sumqayıtda 20 gün əvvəl itkin düşmüş 81 yaşlı kişinin qətlinin təfərrüatları açıqlanıb - YENİLƏNİB

Sumqayıtda 20 gün əvvəl itkin düşmüş 81 yaşlı kişinin qətlinin təfərrüatları açıqlanıb - YENİLƏNİB
# 04 oktyabr 2022 10:35 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda 81 yaşlı kişinin qətli barədə məlumat yayıb.

DİN-dən APA-ya verilən məlumatda bildirilib ki, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə avqustun 14-də 81 yaşlı Nadir Rzayevin Sumqayıt şəhərində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmaması barədə müraciət daxil olub.
Polis əməkdaşları tərəfindən onun yerinin müəyyən olunub tapılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Oktyabrın 3-də saat 19 radələrində N.Rzayevin üzərində zorakılıq əlamətləri olan meyitinin evinin həyətində basdırılmış vəziyyətdə tapılması ilə əlaqədar şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Abbasovun N.Rzayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
S.Abbasov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, hadisə şəhərin 21-ci mikrorayonunda fərdi yaşayış evində baş verib.

81 yaşlı Nadir Rzayevi öldürməkdə şübhəli bilinən 45 yaşlı Samir Abbasov onun evində usta işləyirmiş. Aralarında düşən mübahisə zamanı tərəflər bir-birini kobud ifadələrlə təhqir edib. Bu zaman S. Abbasov 81 yaşlı kişini küt alətlə vuraraq qətlə yetirib və meyitini həyətdə basdırıb.

***

10.04

Sentyabrın 14-ü Sumqayıt Şəhər Polis İdarəsinə 1941-ci il təvəllüdlü Nadir Rzayevin itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub.

Sumqayıt şəhər prokurorluğundan APA-ya verilən xəbərə görə, faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla zərərçəkmişin tanışı 1977-ci il təvəllüdlü Samir Abbasovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nadir Rzayevi boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Samir Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Ramil Zeynallı

Səlcuq Elçin

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR