Milli İncəsənət Muzeyində Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib - FOTO

Milli İncəsənət Muzeyində Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib - FOTO
  • Clock-gray 19:27
  • calendar-gray 25 Fevral 2021

Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş “Unudulmaz faciə” adlı sərgi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə mədəniyyət naziri Anar Kərimov, Milli Məclisinin deputatı Qənirə Paşayeva, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov və digər qonaqlar iştirak ediblər.

Öncə Bakı Musiqi Akademiyasının magistri, Prezident təqaüdçüsü Orxan Hüseynovun ifasında Fikrət Əmirovun "Poema-monoloq"undan fraqment səsləndirilib.

Mədəniyyət naziri Anar Kərimov bildirib ki, Xocalı soyqırımı Birinci Qarabağ müharibəsinin dönüş nöqtəsi olub: “Biz bəlkə də sovet ideologiyasının təsiri ilə ermənilərin daha əvvəl törətdikləri soyqırımları unutmuşduq. Lakin Xocalı soyqırımı bir daha göstərdi ki, ermənilərin düşüncəsi faşist ideologiyası üzərində qurulub. Onların bizə qarşı etnik nifrətləri var və bunu heç zaman gizlətmirlər. Hətta onların prezidentləri belə bu nifrəti gizlətməyib, fəxrlə elan ediblər”.

Nazir dünyanın 30-a yaxın ölkəsində Xocalı faciəsinin tanındığını, bu istiqamətdə işlərin hələ davam etdiyini vurğulayıb: "Lakin biz bununla kifayətlənməməliyik. Ali Baş Komandanımızın siyasi iradəsi və qətiyyəti nəticəsində şanlı Azərbaycan Ordusu torpaqlarımızı azad etdi. Biz hər zaman Xocalı faciəsini məyusluqla yad edirdik, lakin qəhrəman Ordumuz torpaqlarımızı geri aldı və şanlı qələbə qazandı”.

Sərginin əhəmiyyətinə toxunan A. Kərimov qeyd edib ki, bu cür sərgilərin təşkili faciəni unutmamağa xidmət edir.

Qənirə Paşayeva isə Xocalı soyqırımını sənətin dili ilə də dünyaya çatdırmağa böyük ehtiyac olduğunu vurğulayıb: "Buna görə bizim də üzərimizə böyük iş düşür. Bu sərgiləri xaricdə də təşkil etməli və Xocalı faciəsinin rəssamlarımızın yaradıcılığına təsirini nümayiş etdirməliyik. Mənə elə gəlir ki, bu sərgilərin də Xocalı soyqırımının tanıdılmasında böyük təsiri olar. Bundan başqa, mənə elə gəlir ki, biz "Pianoçu" səviyyəsində bir film də mütləq ərsəyə gətirməliyik. Belə bir filmin çəkilməsinə böyük ehtiyac var".

Deputat işğaldan azad edilmiş torpaqlarda ermənilərin törətdikləri vəhşilikləri dünyaya çatdırmaq üçün rəssamlarımızın da ora səfərinin vacib olduğunu söyləyib.                

Daha sonra Fərhad Xəlilov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov çıxış ediblər.

Sonda XX əsrin dəhşətli faciəsi sayılan Xocalı soyqırımına həsr olunan rəsm və heykəltəraşlıq nümunələrinin nümayiş olunduğu sərgiyə baxış keçirilib.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər