Prezidentin tapşırığı ilə Azərbaycanın yeni mədəniyyət strategiyası hazırlanır

Prezidentin tapşırığı ilə Azərbaycanın yeni mədəniyyət strategiyası hazırlanır
  • Clock-gray 16:04
  • calendar-gray 24 Dekabr 2020

“Prezidentin tapşırığı ilə ölkəmizdə yeni mədəniyyət strategiyası hazırlanır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva deyib. 

Deputat bildirib ki, bununla daha çox bölgələrimizdə olan abidələrin restavrasiyasına nail olunacaq: “Dünyada nüfuzlu universitetlərdə mədəniyyət sahəsində uşaqlarımızın oxuması çox vacibdir. Onlara dövlət dəstəyi verilməlidir. Onlar gələcəkdə bizim mədəniyyətimizi xaricdə təbliğ edəcəklər. Mədəniyyət sahəsində bu məsələyə hökumətin baxmasına ehtiyac var. Bəzi kateqoriyalardan olan mədəniyyət adamları da güzəştli ipotekadan yararlanan insanlar siyahısına əlavə edilməlidir. Bu məsələlərə baxılacağına inanıram. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə olan mədəniyyət abidələrinin yenidən qurulmasında, bərpasında xaricdə yaşayan azərbaycanlıların da iştirak edəcəyinə ümid edirəm. Vətən müharibəsində çox qəhrəmanlıq dastanları yazılıb. Bu ideoloji işi davam etdirmək üçün Vətən Müharibəsi ilə bağlı filmlərin də çəkilməsi və təqdim olunması istiqamətində işlər görülməlidir”. 

Deputat bildirib ki, onlayn təhsil olsa da, hazırda bir çox kəndlərdə internet yoxdur: “Bu uşaqlar təhsildən tamamilə kənar qalıb. Hökumətdən xahiş edirəm, bunun üçün əlavə vəsait ayrılmalıdırsa, ayrılsın. Bu, çox vacibdir. Dövlət tərəfindən ehtiyacı olan bir çox ailələrin uşaqlarına kömək edildi. Ancaq bu, bütün ehtiyacı olanları əhatə etmir. Buna görə də təhsil kreditləri məsələsinə baxılmalıdır. Yataqxanaların tikilməsi məsələsi də aktual olmalıdır. Kirayədə uşaq saxlamaq valideynlər üçün çox çətindir". 

 

Firuzə Vahid

Digər xəbərlər