Dünya səyahətə çıxan Sadhquru Heydər Əliyev Mərkəzində mühazirə deyəcək

Dünya səyahətə çıxan Sadhquru Heydər Əliyev Mərkəzində mühazirə deyəcək
# 12 aprel 2022 18:51 (UTC +04:00)

“Torpağı qoruyaq” (“Save Soil”) missiyası ilə motosikletlə 100 günlük səyahətə çıxan məşhur yoqin Sadhquru (Caqqi Vasudev) aprelin 29-da Azərbaycanda olacaq və həmin gün Heydər Əliyev Mərkəzində mühazirə ilə çıxış edəcək.

APA xəbər verir ki, bu, Sadhqurunun Heydər Əliyev Mərkəzində ikinci çıxışıdır. İlk dəfə o, Azərbaycanda 2018-ci ilin noyabrında olub.

Torpağın qorunması hazırda dünyanın gündəmində olan mövzudur. Bu sahədə qlobal səylər sadə vətəndaşdan siyasətçilərə, işgüzar dairələrədək hamının dəstəyini alıb. Sadhquru da planeti yox olmaq təhlükəsindən xilas etmək naminə ötən ay torpağın qorunması uğrunda qlobal kampaniyaya start verib. Bu məqsədlə başlayan 100 günlük səyahətində motosikletlə Avropa, Mərkəzi Asiya və Yaxın Şərqin 26 ölkəsini-ümumilikdə 30 min km məsafəni qət edəcək, yolboyu ətraf mühit müdafiəçiləri ilə görüşəcək.

Yoqin artıq Birmingem, London, Amsterdam, Berlin, Praqa, Vyana, Lyublyana, Roma, Cenevrə, Paris və Brüsseldə olub.

Sadhquru may ayında Birləşmiş Millətlər Təşkilatının səhralaşma ilə mübarizə konvensiyasına (UNCCD COP15) üzv ölkələrin konfransının 15-ci sessiyasında çıxış da edəcək. Elə həmin ay Davosda Dünya İqtisadi Forumunda dünya liderlərini öz ölkələrində torpağı məhv olmaqdan xilas etmək üçün fəal hərəkətə keçməyə çağıracaq.

Sadhqurunun Heydər Əliyev Mərkəzində keçiriləcək mühazirəsinin biletlərini Mərkəzin kassasından, iTicket.az satış məntəqələri və saytından əldə etmək olar.

Mühazirəçi ingilis dilində çıxış edəcək və sinxron tərcümə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR