"Caspian European Club" iki tematik onlayn B2B forum təşkil edib

"Caspian European Club" iki tematik onlayn B2B forum təşkil edib
# 27 aprel 2020 16:22 (UTC +04:00)

“Caspian European Club” “Online B2B AGRO” və “Online B2B INDUSTRY” forumlarını keçirib. Hər iki tədbir çərçivəsində aqrosənaye, yüngül və ağır sənaye sektorlarını təmsil edən sahibkarların COVID-19 koronavirus pandemiyası dövründə üzləşdikləri problemlər müzakirə olunub. Bütün müzakirələrin nəticələrinə əsasən təkliflər paketi hazırlanaraq baxılması və mümkün həlli üçün müvafiq dövlət qurumlarına göndəriləcək.

Klubdan “APA-Economics”ə verilən məlumata görə, bunu “Caspian European Club” və “Caspian Energy”nin sədri və baş icraçı direktoru Telman Əliyev deyib.

“Online B2B AGRO” forumunun işində Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin direktorun müavini Namiq Şalbuzov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparatının Qeydiyyat və sahibkarlarla iş şöbəsinin müdiri Orxan Mikayıl, AQTA-nın Qida zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsinin Sertifikatlaşdırılma və idxal-ixraca nəzarət sektorunun müdiri Fərid Əmirov, iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən dövlət və özəl şirkətlərin top-menecerləri iştirak ediblər.

“Online B2B INDUSTRY” forumunun işində Azərbaycan İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdir müavini Fikrət Qurbanov, Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin Şöbə rəisi Elçin Rüstəmov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “KOB Dostu” departamentinin şöbə müdiri Adil Əhmədov, Azexport.az portalın idarəedici menecer Ayxan Qədəşov, iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən dövlət və özəl şirkətlərin top-menecerləri iştirak ediblər.

Hər iki onlayn foruma Xəzər-Qara dəniz regionu və Aİ ölkələrindən olan Klub üzvləri də qoşulublar. Onlar mövcud şəraitdə öz ölkələrində sahibkarlıq subyektlərinin fəaliyyət şərtləri barədə məlumat veriblər.

T. Əliyev “Caspian European Club”ın üzv şirkətlərinin top-menecerləri adından COVID-19 koronavirus pandemiyası dövründə sahibkarlara göstərilən fəal mövqeyə və dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan hökumətinin iqtisadi blokunun bütün nümayəndələrinə təşəkkürünü bildirib.

B2B forum – Beynəlxalq biznes-netvorkinq üçün “Caspian European Club” tərəfindən yaradılmış unikal platformadır. Forum çərçivəsində biznes nümayəndələri qısa təqdimatlar keçirir, öz fəaliyyətləri barədə məlumat verir, bu sahələrin problemləri ilə bölüşür və onların həlli yollarını təklif edirlər.

Həftədə iki dəfə keçirilən onlayn B2B forumlar Azərbaycan, Gürcüstan, Qazaxıstan, həmçinin digər Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin iqtisadiyyatının müxtəlif sahələrindən olan şirkət rəhbərləri ilə qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni işgüzar əlaqələr qurmaq üçün əlavə platformadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR