"Petkim" aktivlərini 30% artırıb

"Petkim" aktivlərini 30% artırıb
# 05 noyabr 2020 16:50 (UTC +04:00)

Bu ilin sentyabrın 30-a Türkiyənin "Petkim" neft-kimya kompleksinin (əsas payı SOCAR-a məxsusdur – red.) aktivləri 17 793 663 min türk lirəsinə (2,107 mlrd. ABŞ dollarından bir qədər artıq) bərabər olub ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 30% çoxdur.

"APA-Economics"in məlumatına görə, bu barədə "Petkim"in maliyyə hesabatında deyilir.

Qeyd olunur ki, ötən ilin sentyabrın 30-da kompleksin aktivləri 13 901 644 min lirə (1,646 mlrd. dollar) təşkil edirdi.

Hesabata əsasən, bu ilin əvvəlinə olan göstərici ilə müqayisədə artım 20,2% təşkil edib. Cari ilin əvvəlinə "Petkim"in aktivləri 14 801 333 min lirəyə (1,752 mlrd. dollar) bərabər idi.

Qeyd edək ki, 3 aprel 1965-ci il tarixində başda "Türkiye Petrolleri Anonim Ortaklığı" (TPAO) olmaqla təsis edilən "Petkim" fəaliyyətə 1970-ci ildə Kocaelidəki Yarımca Kompleksinə daxil olan 5 zavodun qurulması ilə başlayıb. 30 may 2008-ci il tarixində keçirilmiş hərracda "Petkim Petrokimya Holdinq A.Ş."nin səhmlərinin 51%-i 2,04 mlrd. dollara "SOCAR&Turcas Enerji A.Ş." tərəfindən əldə edilib.

Hazırda "Petkim"in nəzdində aşağı sıxlıqlı polietilen, yüksək sıxlıqlı polietilen, polipropilen, polivinil xlorid, akrilonitril, etilen qlikol, saflaşdırılmış turşu, aromatik karbohidrogenlər, etilen-propilen, xlor qələvi, vinil xlorid monomer, plastik işlər və ftal anhidridi fabrikləri fəaliyyət göstərir. Türkiyə sənayesini xammalla təchiz edən "Petkim"in istehsal etdiyi neft-kimya məhsulları inşaat, kənd təsərrüfatı, elektrik enerjisi, elektron, tekstil sənayesində, eyni zamanda əczaçılıq, boya, yuyucu məhsullar, kosmetika məhsulları istehsalı və digər sahələrdə geniş istifadə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR