Bağdadi öldürüldü, terror təhlükəsi isə yaşayır - TƏHLİL

Bağdadi öldürüldü, terror təhlükəsi isə yaşayır - TƏHLİL
  • Clock-gray 19:28
  • calendar-gray 28 Oktyabr 2019

Ötən bazar günü dünya gündəmini dəyişən hadisə ilə əlamətdar oldu. Son illər ərzində bütün dünyanı vahimə və qorxu içərisində saxlayan, Üsamə bin Ladenin məhv edilməsindən sonra “1 nömrəli terrorçu” olan Əbubəkr əl Bağdadi öldürüldü. Onun ölümü bütün dünya mediasından qırmızı xətlə keçdi.

Əvvəlcə "1 nomrəli terrorçu"nun məhv edilməsi əməliyyatı haqında. Oktyabrın 26-sı saat 00.00 radələrində 8 ABŞ helikopteri və 2 pilotsuz uçuş aparatı (İHA) bölgəyə uçuş edərək, İdlibin Barışa kəndi yaxınlığındakı hədəfi bir saat yarım atəşə tutub. Terrorçular ABŞ helikopterlərinə yerdən ağır silahlarla cavab veriblər. Təxminən 1,5 saat davam edən ilk qarşıdurmadan sonra helikopterlər bölgəni tərk edib.

Yarım saatdan sonra geri dönən helikopterlər atəşi davam etdirib. ABŞ helikopterlərindən xüsusi təyinatlı qüvvələr yerə endirilib. Münaqişənin ikinci hissəsi təqribən 2,5 saat çəkib. Helikopterlər təqribən 4 saat davam edən əməliyyatdan sonra bölgəni tərk edib. Bölgəyə gələn tibb qrupları verdikləri məlumatda, hücum nəticəsində bir evin tamamilə dağıdıldığını, bəzi çadırların isə yandığını bildiriblər.

Ağ Evdə  keçirilən mətbuat konfransında əməliyyatın detallarını açıqlayan ABŞ Prezidenti Tramp deyib ki, Əbubəkr əl Bağdadi bir neçə həftə ərzində nəzarət altında olub. Prezident hərbi əməliyyatı öz otağından canlı izlədiyini deyib. O bu əməliyyatın “son dərəcə təhlükəli bir missiya” olduğunu vurğulayıb. Açıqlamasında Tramp missiyaya kömək etdiyi üçün Rusiya, Türkiyə, Suriya, İraq və Suriya kürdlərinə təşəkkür edib. Suriyalı kürdlərin ABŞ-a faydalı məlumat verdiyini söyləyib: "ABŞ xüsusi əməliyyat qüvvələri gecə vaxtı təhlükəli missiyanı cəsarətlə, həm də möhtəşəm üslubda yerinə yetirdi. Onlar inanılmaz səviyyədə məharət göstərdi. Əməliyyat zamanı heç bir itki vermədik. Ancaq çox sayda terrorçu öldürüldü”.

Tramp deyib ki, İŞİD lideri tunelə girəndən sonra ağlayıb və qışqırıb: “İtlərimiz isə onu təqib edirdi. Tuneldə qalan yalnız Bağdadi və onun üç uşağı idi. Bağdadi özünü parlatdı və 3 uşağı ilə birlikdə öldü. On bir gənc və uşaq isə evdən çıxarıldı. Onlar xəsarət belə  almayıb”.

Prezident onu da söyləyib ki, bu informasiya ciddi şəkildə gizli saxlanılıb. Yalnız əməliyyatda yer alan insanlar nəzərdə tutulan plandan xəbərdar olublar. Hətta konqresmenlər belə bu işdən xəbərsiz qalıb. Çünki informasiyanın kənara çıxması ciddi itkilərə səbəb ola bilərdi.

Prezident həmçinin vurğulayıb ki, terrorçunun cəsədi müayinədən keçib və aparılan testlər ölənin məhz Bağdadi olduğunu təsdiqləyib.

Beləliklə, Bağdadi artıq yoxdur. Lakin sual açıq qalır: Bu terror təşkilatının liderinin öldürülməsi dünyada terrorizmin sonu deməkdirmi? Əl Bağdadi beynəlxalq terrorizmin əsas personası, simvolu sayılırdı. İŞİD liderinin məhvi az qala əfsanə həddinə qaldırılmış terror təşkilatının da sonu gələcəkmi sualını aktual edir. Bəlkə də onun ölümü ABŞ-ın qlobal siyasəti baxımından mühüm ola bilər. Vaşinqtonun xarici siyasətdə hansı dəyişikliklər edəcəyini indidən söyləmək çətindir. Lakin terrorun hazırkı dövrdə dünyanın əsas qlobal problemlərindən biri olduğunu nəzərə alsaq, ehtimal edə bilərik ki, Bağdadinin ölümü ilə bu problem aradan qalxmayacaq, onun yerini kimsə tutacaq. Artıq ABŞ prezidenti Donald Tramp İŞİD-in yeni rəhbərinin kim olduğunu və harada gizləndiyini bildiklərini deyib, lakin ad çəkməyib. ABŞ-ın "Newsweek" jurnalı isə İŞİD terror təşkilatının yeni liderinin adını belə açıqlayıb. Jurnalın iddiasına görə, İŞİD-in yeni lideri Telafer türkməni, Hacı Abdullah əl-Afari ləqəbli Abdullah Kardaş olacaq. Xəbərdə  Abdullah Kardaşın Bağdadinin ən yaxın adamlarından biri olduğu, keçmişdə Səddam Hüseyn ordusunda zabit kimi xidmət etdiyi bildirilir. Abdullah Kardaşın 2003-cü ildə Bağdadi ilə birlikdə həbs olunduğu və son bir ildə terror təşkilatının ikinci adamına çevrildiyi qeyd olunur.

Bağdadinin öldürülməsi əməliyyatı əslində bütün tərəqqipərvər dünyanın qələbəsi kimi qeyd olunmalıdır. Lakin görünən odur ki, bütün bölgəni xaosa sürükləyən terrorçunun öldürülməsi belə siyasi çəkişmələri səngidə bilmir. İŞİD liderinin məhv edilməsi bölgədə sabitlikdə maraqlı olan bütün ölkələr tərəfindən dəstəklənməli olduğu halda, bəzi ölkələr bu məsələyə öldürülən şəxsin terrorçu olması rakursundan deyil, öz maraqları prizmasından yanaşır. Artıq Rusiyadan əməliyyatın miqyasının və əhəmiyyətinin kiçildilməsinə yönəlik bəyanatlar səsləndirilməkdədir. Halbuki bu məsələdə hanısa ölkənin marağı olmamalıdır. Təcrübə göstərir ki, terrora qarşı ölkələr birgə mübarizə aparmayanda, antiterror fəaliyyətlərini koordinasiya etməyəndə yeni-yeni terrorçular, yeni-yeni terror təşkilatları meydana çıxır. Ölkələrin, xüsusilə böyük dövlətlərin hələlik bu məsələdə dil tapa bilməməsi isə belə deməyə əsas verir ki, Bağdadi ölsə də, terror təhlükəsi yaşayır.

Birdəfəlik anlamaq və qəbul etmək lazımdır ki, ölkələrin öz maraqlarını önə çıxarması, arxayınlaşıb, terrorla mübarizəni səngitməsi daha böyük təhlükələrə yol açır. Terrorla mübarizəni bir an belə səngitmək olmaz. Yeni Bağdadilərin, yeni İŞİD-lərin meydana çıxmaması üçün...

APA Analytics

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date