Gəncədə oğurluq, quldurluq və narkotik saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb - FOTO

Gəncədə oğurluq, quldurluq və narkotik saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb - FOTO
# 20 yanvar 2023 14:29 (UTC +04:00)

Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın regional bürosunun məlumatına görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Zorxan Rzayev şəhər ərazisindəki fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan 39 min manat nağd pul, ümumi dəyəri 10 min manat olan müxtəlif məişət əşyaları və 5 500 manat dəyərində müxtəlif qızıl-zinət əşyalarını oğurlayıb. Z. Rzayev saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.

Baş İdarənin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yusif Cabbarov, Rəşad Ələkbərov, Ülvi Novruzov və Vüsal Əsgərov qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilindiyiə görə saxlanılıb. Üzərlərindən “tiryək” və “metamfetamin” aşkarlanan saxlanılan şəxslərdən Rəşad Ələkbərov və Ülvi Novruzovun şəhər ərazisində oğurluq etmələri də məlum olub. Bununla da Baş İdarə və onun tabeli qurumlarının əməkdaşlarının həftə ərzində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 10-a yaxın şəxs qanunsuz olaraq narkotik maddə əldə etməsinə görə saxlanılıb.

4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində isə quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Araşdırmalar zamanı Kənan Orucov və Alpaşa İbrahimovun mağazaya daxil olaraq satıcını bıçaqla hədələyərək 100 manat pul və 1 qutu siqaret alması, bundan başqa Kənan Orucovun satıcıya bıçaq xəsarəti yetirməsi məlum olub.

Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR