Deputat: “Azərbaycan dövləti hər zamankı kimi bu çətin vaxtda da xalqın yanında olduğunu bir daha təsdiq etdi”

Deputat: “Azərbaycan dövləti hər zamankı kimi bu çətin vaxtda da xalqın yanında olduğunu bir daha təsdiq etdi”
# 18 aprel 2020 13:14 (UTC +04:00)

“Koronavirusla mübarizədə dönməz və təmkinli, daha çox ardıcıllığı və strateji xarakteri ilə diqqəti cəlb edən, proseslərin önündə gedən münasibət başında cənab Prezident İlham Əliyevin dayandığı Azərbaycan dövlətinin münasibətidir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, hələ ötən ilin sonlarında Çindən sürətlə yayılan və ölümlə nəticələnə bilən yeni virus infeksiyasının baş qaldırması barədə xəbərlər gəlməyə başlayan andan ölkə başçısı müvafiq tibbi-profilaktik tədbirlər görülməsi, lazımi diaqnostik və müalicəvi ləvazimatların alınması üçün müvafiq göstərişlər vermiş, fevral ayının sonlarından başlayaraq qonşu İranla, daha sonra digər dövlətlərlə sərhəd-gömrük rejiminin epidemiya əleyhinə tədbirlər səviyyəsində keçirilməsi, xaricdə yaşayan vətəndaşlarımızın ölkəyə gətirilməsi və karantin rejimində saxlanılası kimi təcili tədbirlər görülməsi barədə tapşırıq verib: “Prosesin inkişaf istiqamətini düzgün müəyyən edən Azərbaycan dövlətinin başçısı bir çox mədəni-kütləvi tədbirlərin, o cümlədən, Novruz şənliklərinin dayandırılması barədə vaxtında və çox düzgün qərar qəbul etdi. Bu tədbirlər əslində cənab Prezidentin yumşaq karantin rejiminə keçid siyasəti idi.

Ölkə başçısının sonrakı qərarları da reallığa tam adekvat və prosesləri qabaqlayıcı xarakter daşıyırdı:

- Koronavirusla mübarizənin kompleks və bir mərkəzdən idarə edilməsi məqsədi ilə Baş nazirin rəhbərliyi ilə Operativ Qərargahın və Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması;

- Pandemiyanın sosial-iqtisadi fəsadlarının azaldılması və postpandemiya dövrünə hazırlıq məqsədi ilə görüləcək tədbirlərin maliyyələşdirilməsi üçün büdcədən 1 milyard manat vəsait ayrılması və daha sonra bu vəsaitin 3.5 milyard manata çatdırılması;

- Ölkənin ən yaxşı otellərində karantin şəraitində olan 15000-ə yaxın xaricdən təxliyə olunan vətəndaşımızın tam dövlət büdcəsi hesabına saxlanılması;

- "Yeni Klinika"da daxil olmaqla müxtəlif bölgələri əhatə edən 20-dən artıq klinikanın koranoviruslu xəstələrin müalicəsi üçün səfərbər edilməsi;

- Cəmi iki həftə ərzində ölkə daxilində dezinfeksiya edici vasitələrin və tibbi maska istehsalının təşkil edilməsi;

- Koronavirus infeksiyasına tutulmuş xəstələrin ixtisaslı müalicəsi üçü 6 yeni xəstəxananın tikilməsinə 14.8 milyon manat, tibb avadanlığının alınması məqsədi ilə 97 milyon manat ayrılması barədə Prezident sərəncamının imzalanması;

- Dünya Səhiyyə Təşkilatı ilə sıx əlaqələrin yaradılması və pandemiya ilə mübarizəyə Azərbaycan dövlətinin dəstəyi olaraq 5 milyon manat vəsaitin BMT-yə ianə edilməsi və s. kimi tədbirləri koronavirusla mübarizədə dövlətin öncül, təşkilatçı və lider qismində münasibətinin ifadəsi kimi görürük”.

Millət vəkili qeyd edib ki, Prezidentin 19 mart 2020-ci il tarixdə imzaladığı Koronavirus pandemiyasının ölkənin sosial-iqtisadi həyatına mənfi təsirlərinin azaldılmasını və postpandemiya dövrünün inkişaf perspektivlərini nəzərdə tutan "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamın olduqca böyük əhəmiyyəti var: “Müvəqqəti də olsa, işsiz qalmış, sosial əlaqələri və işgüzar münasibətləri zəifləmiş, qazancı azalmış, bəzi hallarda isə (əmək müqaviləsi olmayan, günəmuzd işləyənlər) qazancdan məhrum olmuş insanların köməyinə yenə dövlət gəlir. Dövlətin sosial müdafiə tədbirləri nə qədər vaxtında və ünvanlı olaraq göstərilirsə, böhran dövründə vətəndaş özünü o qədər güvəncli və inamlı hiss edir.

Daxili siyasətində vətəndaşlarının sosial müdafiəsini və sosial rifahını prioritet istiqamət kimi müəyyən edən Azərbaycan dövləti hər zamankı kimi bu çətin vaxtda da xalqın yanında olduğunu öz əməli fəaliyyəti ilə bir daha təsdiq etdi. Cənab prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və vətəndaşların həyat səviyyəsinə mənfi təsirlərinin azaldılması ilə bağlı 10 mart 2020-ci il tarixli sərəncamının icrası olaraq Nazirlər Kabineti tədbirlər planı hazırladı. Tədbirlər planında nəzərdə tutulan maliyyə-iqtisadi tənzimləmə tədbirləri ilə yanaşı, hökumət məşğulluq və sosial müdafiə tədbirlərinə ciddi önəm verdiyini bir daha bəyan etdi”.

M. Quliyev nəzərə çatdırıb ki, koronaviriusla mübarizə çərçivəsində həyata keçirilən tədbirlər çoxşaxəlidir, 4 istiqaməti, 10 tədbiri nəzərdə tutur və 2 500 000 insanı əhatə edir, maliyyə tutumu 500 milyon manata yaxın bir məbləğ təşkil edir: “Məlum olduğu kimi, sosial müdafiə tədbirləri əsasən 3 istiqamətdə həyata keçirilir: sosial təminat, sosial yardım və sosial dəstək. Azərbaycan hökuməti hər 3 istiqamətdə sosial müdafiə tədbirlərini zamanında, operativ, bütün ehtiyatlar səfərbər edilməklə, karantin rejimində aztəminatlı insanların xidmətlərə əlçatanlığı nəzərə alınmaqla həyata keçirir.

Sosial təminat - 2.3 milyon insanı əhatə edən pensiya, müavinət, təqaüdlərin verilməsində nəinki ləngimə olmadı, əksinə, təyinatlar və ödənişlərin vaxtından əvvəl həyata keçirilməsi təmin olundu. Pensiya və digər ödənişlərin yalnız müvəkkil bankomatdan deyil, ən yaxında yerləşən istənilən bankomatdan əlavə xidmət haqqı ödənilmədən alınması imkanları yaradıldı. Sosial yardım - 65 yaşdan yuxarı, tənha insanların evdən çıxmaması üçün onlara göstərilən bütün sosial və məişət xidmətlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz üzərinə götürdü və bu xidmətlər gündəlik olaraq sosial işçilər və könüllülər tərəfindən ləyaqətlə həyata keçirilir. 360 min nəfərə ünvanlı dövlət sosial yardımı verilir və sosial təcrid rejimi ilə əlaqədar ünvanlı sosial yardım verilməsi sadələşdiriləcək, yardım almaq müddəti isə heç bir diaqnostika aparılmadan avtomatik olaraq uzadılıb. Karantin günlərində ünvanlı sosial yardım alan ailələrin sayı daha 10 min artaraq 82 minə çatdırılıb”.

Millət vəkili bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Heydər Əliyev Fondu və digər sosial tərəfdaşları ilə birlikdə 45 min ailəyə ərzaq yardımı göstərilməsi proqramını həyata keçirir: “Sevindirici haldır ki, bu xoşməramlı təşəbbüsə ölkənin geniş ictimaiyyəti - iş adamları, deputatlar, qeyri-hökumət təşkilatları, müxtəlif icra hakimiyyəti qurumlarının təmsilçiləri də həvəslə qoşulublar. Sosial dəstək-Prezident İlham Əliyevin sərəncamı ilə koronavirus pandemiyasının fəsadlarının azaldılması məqsədi ilə hökumətə büdcədən ayrılmış vəsaitin xeyli hissəsi iş yeri fəaliyyətini dayandırmış vətəndaşlarımızın iş yerlərinin qorunub saxlanılmasına, ixtisar hallarına yol verilməməsinə, əmək haqlarının karantin şəraitində də verilməsinə yönəldilib. Bu tədbirlər sayəsində 300 min iş yeri saxlanılır, dövlət büdcəsindən maaş alan 910 min, özəl sektorda çalışan 680 min işçinin orta aylıq əmək haqqı saxlanılır.

Ayrılan vəsaitə Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına 203 milyon manat, İşsizlikdən sığorta Fondunun vəsaitindən 91 milyon manat vəsait də əlavə olunmaqla sosial müdafiə tədbirlərinə 500 milyon manatdan artıq vəsait sərf olunacaq. Eyni zamanda işsiz və iş axtaran vətəndaşlar, xüsusi ilə qeyri-leqal, əmək müqaviləsi olmadan çalışan karantin dövründə isə işsiz qalan şəxslərin sosial müdafiəsini təmin etmək üçün aylıq əmək haqqı 250 manat olmaqla 50 min sosial iş yeri açılıb, 200 min şəxsə isə yaşayış minimumu (190 manat) məbləğində iki aylıq müavinət verilməsinə başlanılıb. Artıq bu insanların yarıdan çoxu qeydiyyatdan keçib və müavinətlə təmin olunub”.

M. Quliyevin xatırladıb ki, Prezident əhalinin daha geniş təbəqəsinin sosial müdafiəsini təmin etmək məqsədi ilə 17 aprel tarixdə daha bir humanist addım ataraq İşsizliyə görə yaşayış minimumu həddində sosial müavinət alanların sayının daha 400 min nəfər artırılaraq 600 min nəfərə çatdırılması barədə tapşırıq verib: “Bu məqsədlə büdcədən daha 152 milyon manat ayrılacaq. Sosial dəstəyin başqa bir forması isə özünüməşğulluq proqramı çərçivəsində həyata keçirilir ki, bu il bu proqram 12 min ailəni əhatə edəcək.

20 min nəfərə işsizlikdən sığorta müavinəti veriləcək, həmçinin, peşə hazırlığı kurslarının müdavimlərinə iki aylıq ödəniş həyata keçiriləcək. Sosial müdafiə sisteminin iş yükü olduqca artıb, əməkdaşlar istər onlayn, istər adi rejimdə seytnot vəziyyətində çalışırlar. Aprelin ilk ongünlüyündə Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin e-sosial.az saytına 12 milyondan çox müraciət olub, nazirliyin Çağrı mərkəzinə isə 1.6 milyondan artıq zəng edilib”.

Deputatlın fikrincə, koronavirus pandemiyası ilə mübarizədə Azərbaycanın uğurlarını şərtləndirən amillərdən biri də Prezidentin bu sahədə beynəlxalq əməkdaşlığa ciddi önəm verməsi, mövcud beynəlxalq təcrübənin, xüsusi ilə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinin nəzərə alaraq bu bəşəri bəla ilə mübarizə strategiyasını müəyyən etməsi oldu: “Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Bu ilin 9-13 mart tarixlərində ÜST-ün aparıcı mütəxəssislərindən ibarət heyət ölkəmizdə səfərdə olub. Onlar ölkəmizdə vəziyyətlə tanış olaraq, görülmüş işlərə müsbət qiymət verib, Azərbaycanı pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilib”.

Millət vəkili qeyd edib ki, Prezident çox doğru olaraq COVİD-19 qlobal təhlükə olduğu üçün qlobal da cavab tələb etdiyini vurğulayıb: “Heç də təsadüfi deyil ki, məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə tədbirlərinə həsr edilib. Bu da əlamətdardır ki, Zirvə görüşündə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Qebreyesus da iştirak etdi, pandemiya ilə mübarizədə Azərbaycanın uğurlarını vurğuladı, ölkəmizin dünya birliyinə töhfəsini yüksək qiymətləndirdi. Zirvə görüşü bir daha göstərdi ki, bütün çətin anlarda Azərbaycan Prezidenti öz birləşdirici və səfərbəredici təşəbbüsü ilə önə çıxır, təkcə öz doğma xalqının deyil, bütün türk dünyasının təəssübkeşi kimi çıxış edir, bu tarixi milli birliyi daha da möhkəmlətmək üçün yorulmadan çalışır.

Azərbaycanın birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə koronavirisdan əziyyət çəkən ölkələrə mənəvi dəstək kampaniyası həyata keçirilir, həmin ölkələrin bayraqları Heydər Əliyev Mərkəzinin binası üzərində işıqlandırılır və adekvat addımların da bizə qonşu və dost ölkələr tərəfindən atıldığını görürük.

Artıq koronovirusla mübarizədə Azərbaycan təcrübəsi öyrənilməkdədir. Bu təcrübənin ən böyük örnəyi isə Lider-Xalq birliyidir. O birlik ki, çox çətin sınaqlardan çıxıb, daha da möhkəmlənib, mətinləşib! Məhz bu birliyin sayəsində biz koronavirus pandemiyasına da qalib gələcəyik, torpaqlarımızı da işğaldan azad edəcəyik, ərazi bütövlüyümüzü də bərpa edəcəyik, tarixi yurdlarımıza da qayıdacağıq, qələbə nəğməmizin nəqəratı olaraq əsgər marşı kimi, dua kimi, gələcək nəsillərə çatacaq qədər uca səslə oxuyacağıq: Biz birlikdə güclüyük!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR