Şamaxıda Pir Ömər Sultan ziyarətgahında tədqiqatlar başa çatıb

Şamaxıda Pir Ömər Sultan ziyarətgahında tədqiqatlar başa çatıb
  • Clock-gray 00:35
  • calendar-gray 17 İyun 2020

 

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun professoru Qafar Cəbiyevin rəhbərlik etdiyi arxeoloji ekspedisiya Şamaxı rayonunun Avaxıl kəndi ərazisindəki Ömər Sultan ziyarətgahında tədqiqatları başa vurub. 

APA-nın yerli bürosunun xəbərinə görə arxeoloji tədqiqatlar Heydər Əliyev Fondunun dəstəyi və xüsusi layihəsi əsasında aparılıb. Tədqiqatlar nəticəsində Azərbaycan sufiliyinin önəmli qolu olan xəlvətilik sufi məktəbinin banisi Pir Ömər Avaxıli Şirvaninin türbəsi aşkar edilərək öyrənilib. 5x5 metr ölçüdə olan türbə yonulmuş çay və qaya daşları ilə hörülüb. Türbənin şimal divarlarının nisbətən yaxşı qalan hissəsində hündürlüyü 2,1 metr, qalınlığı 0,9 metr təşkil edir. Türbənin cənub divarının mərkəzində eni 0,5 metr, salamat qalmış hissədə hündürlüyü 0,8 metr olan tağvari taxça qeydə alınıb. Taxçanın çöl tərəfində, cənub divarı qarşısında aşkar edilən, səlcuq zənciri ilə haşiyələnən mehrab təsvirli xatirə daşı da məhz Pir Ömərin məzarına aiddir.

Tədqiqat zamanı türbə içərisi və ətrafından xəlvətilik sufi məktəbinə, onun banisi Pir Ömərə aid elmi cəhətdən çox mühüm əhəmiyyət kəsb edən artefaktlar üzə çıxmışdır. Həmin tapıntılar içərisində bilavasitə Pir Ömərə aid qəbir və türbə kitabəsi xüsusilə maraqlıdır. Türbə kitabəsindən bəlli olur ki, Pir Ömər 1409-cu ilin iyul ayında vəfat etmişdir. Kitabədə Pir Ömərin xəlvətilik sufi məktəbinin banisi və təriqət sahiblərinin əzizi olduğu qeyd olunmuşdur. Kitabədə həmçinin Pir Ömərə “şeyx”, “zahid”, “abid” kimi epitetlərlə xitab olunmuşdur. Maraqlıdır ki, sadə süls xətti ilə yazılmış ərəbdilli kitabədə Azərbaycan türkcəsində olan ifadələr də yer almışdır.

Türbənin ətrafından daha bir neçə kitabə aşkar edilmişdir. Həmin kitabələrdən biri Sultan Bayəzidin nəslindən olan Şeyx Cəlilə, digəri Şeyx Cəlilin oğlu Allahvermişə aiddir. Tarixi mənbələrdən məlum olduğu kimi, Sultan Bayəzid Pir Ömərin xəlifələrindən biri olan Bayəzid Piranidir. Onun nəslindən olan Şeyx Cəlil isə XVIII əsrin sonu - XIX əsrin əvvəllərində yaşamış xəlvətilik sufi məktəbinin davamçılarındandır. Bu isə XIV əsrin ortalarında təşəkkül tapan Avaxıl xəlvətilik sufi xanəgahının XIX əsrin əvvəlinədək davamlı fəaliyyət göstərdiyini sübut edir.

Qazıntı prosesində ərazidə bir-birinin yaxınlığında olan çoxsaylı müsəlman qəbirləri də aşkar edilmişdir. Qəbirlərdən birinin kitabəsində Qurani-Kərimin "Ğafir" surəsinin 16-cı ayəsi həkk olunmuşdur: “Bu gün hakimiyyət kimindir? Vahid və Qəhhar olan Allahın”.

Arxeoloji tədqiqatlar zamanı türbənin içərisindən və ətrafından xəlvətilik sufi təliminin icrası ilə bağlı rituallara aid olduğu düşünülən digər artefaktlar da aşkar edilmişdir. Daş qablar, keramika və sikkə nümunələri buna misal ola bilər.

Məlum olduğu kimi, ilkin olaraq Avaxılda təşəkkül tapan, Şirvanda və bütün Azərbaycanda formalaşma mərhələsi keçən xəlvətilik sufi təlimi daha sonra Avropa, Asiya və Afrikanın hüdudları daxilində də geniş yayılmışdır. Orta əsr Azərbaycan multikultural dəyərlərinin bariz nümunəsi olaraq təşəkkül və formalaşma dönəmində Şirvanşahlar dövləti tərəfindən dəstək alan xəlvətilik sufi məktəbini daha sonra Teymuri, Qaraqoyunlu, Ağqoyunlu, Osmanlı, Misir Məmlükləri kimi dövrün böyük dövlətləri də himayə etmişlər. 

Göründüyü kimi, xəlvətilik sufi təlimi müasir dünyamızın geniş bir coğrafi arealını əhatə edir və onun çoxminli tərəfdarları bu gün də qalmaqdadır.

Qeyd edək ki, bu il mayın 25-də ölkə Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva Şamaxı rayonuna səfərləri çərçivəsində Pir Ömər Sultan ziyarətgahında olmuş, orada aparılan arxeoloji tədqiqatlarla maraqlanmışlar. Prezident İlham Əliyev Pir Ömər Sultan ziyarətgahında aparılan tədqiqatların davam etdirilməsi və abidənin konservasiya olunması ilə bağlı aidiyyəti qurumlara tapşırıq və tövsiyələrini vermişdir. Pir Ömər türbəsinin aşkar olunması, konservasiya edilməsi, mövcud arxeoloji qalıqlar üzərində xatirə abidəsinin ucaldılması və ətrafının abadlaşdırılması Türk və İslam dünyasının Azərbaycana olan marağını daha da artıracaqdır.

 

Şahnəzər Bəşirov

Digər xəbərlər