Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının Kənd təsərrüfatı üzrə yüksək rütbəli rəsmilərinin iclası keçirilir

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının Kənd təsərrüfatı üzrə yüksək rütbəli rəsmilərinin iclası keçirilir
# 08 sentyabr 2008 09:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Kənd təsərrüfatı üzrə yüksək rütbəli rəsmilərinin III iclası işə başlayıb.
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov son illər dünya ölkələrinin ərzaq məhsullarına tələbatının artdığını və ərzaq təhlükəsizliyi ilə bağlı bəzi ölkələrdə problemlərin yarandığını vurğulayıb. Dünya bazarında əsas ərzaq məhsullarına tələbin təklifi üstələdiyini deyən nazir Azərbaycanda hökumətin ərzaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atdığını bildirib.
ECO-nun baş katibi Xurşid Ənvər isə qeyd edib ki, bütün dünyada ərzağa olan ehtiyac kollektiv maraqları birləşdirməyi tələb edir. Tədbirin ECO-ya üzv ölkələrin kənd təsərrüfatı sahəsində əməkdaşlığının genişləndirilməsində mühüm rol oynadığını deyən baş katib konfransda cari proqramlar, əməkdaşlığın dərinləşdirilməsi və s. aktual məsələlərin müzakirə olunacağını qeyd edib.
Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev isə bildirib ki, kənd təsərrüfatı ECO çərçivəsində prioritet kimi qəbul edilən sahələrdəndir. Nazir müavininin sözlərinə görə, Azərbaycan tərəfi ECO çərçivəsində pambıqçılıq sahəsində əməkdaşlığın gücləndirilməsi təklifi ilə çıxış edib: «Bu gün dünyada istehsal edilən pambığın 25%-i ECO ölkələrinin payına düşür. Biz müasir texnologiyaların tətbiqi ilə istehsalı artıra, toxuculuq sənayesini inkişaf etdirə bilərik. Elə ölkələr var ki, heç 1 min ton pambıq istehsal etmir, amma güclü toxuculuq sənayesi mövcuddur».
Qeyd edək ki, iki gün davam edəcək toplantıda ECO-nun Ərzaq təhlükəsizliyi üzrə Regional Proqramının yerinə yetirilməsinə baxılacaq, qlobal ərzaq təhlükəsi və Donorlar Konfransının nəticələri müzakirə ediləcək. Tədbirdə müzakirə olunacaq məsələlər sırasında ECO regionunda toxum təchizatının gücləndirilməsi üzrə ECO-FAO Texniki Əməkdaşlıq Proqramının yerinə yetirilməsi, ECO Baytarlıq Komissiyasının əsasnamə layihəsinə, Su Tələbatı üzrə ECO İdarəçilik Mərkəzinin yaradılmasına dair təkliflərə baxılması, ECO Kənd Təsərrüfatı Biotexnologiya Şəbəkəsinin (ECO-ABN) yaradılması planları və s. müzakirə olunacaq.
Tədbirin yekununda Bakı Bəyannaməsi qəbul ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR