Görkəmli jurnalist Nəsir İmanquliyevin 95 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

Görkəmli jurnalist Nəsir İmanquliyevin 95 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
# 22 dekabr 2006 13:57 (UTC +04:00)
Bakı Dövlət Universitetinin (BDU) akt zalında görkəmli jurnalist, ictimai xadim, “Bakı” və “Baku” qəzetlərinin yaradıcısı Nəsir İmanquliyevin 95 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. APA-nın məlumatına görə, yubiley mərazimində çıxış edən BDU-nun rektoru, professor Abel Məhərrəmov N. İmanquliyevin jurnalistlik fəaliyyətindən və jurnalistikaya gətirdiyi yeniliklərdən söz açıb. Rektor bildirib ki, hazırda universitetin jurnalistika fakültəsində tədris olunan jurnalistikaya giriş kursunun yaradıcısı da Nəsir İmanquliyev olub.
AMEA-nın müxbir üzvü, professor Vasim Məmmədəliyev N. İmanquliyevin 1947-ci ildən Bakı Dövlət Universitetində dərs dediyini, 30 ilə yaxın “Bakı” və “Bakı” qəzetlərində baş redaktor vəzifəsində çalışdığını deyib: “Onun Azərbaycanda jurnaslitikanın yeniləşməsində və inkişaf etməsində danılmaz xidmətləri olub. Azərbaycan xalqı və məhz Bakı Dövlət Universiteti onun xidmətlərindən bu gün də yararlanır. Onun yolu bu gün də uğurla davam etdirilir və milli mətbuatımızda yeniliklərin olması bilavasitə onun adı ilə bağlıdır”.
BDU-nun jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadə N. İmanquliyevin Azərbaycan jurnalistikasına redaktor şəxsiyyətini gətirdiyini bildirib: “Bu gün jurnalistika fakültəsində jurnaisltikaya giriş kursu uğurla tədris olunur bu kurs sayəsində tələbələrimiz bir sıra bilgirlərə sahiblənirlər. O, 87 il ömür sürüb, ömrü boyu xalqına və millətinə xidmət edib”.
Yubiley məarsimində Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Mətbuat Şurasının sədri Əflatun Amaşov, professor Tofiq Hacıyev, akademik Fuad Qasımzadə, “Bakı” qəzetinin baş redaktoru Ağa Hüseynov, respublikanın baş psixiatrı Ağabəy Sultanov N. İmanquliyevlə bağlı xatirələrini danışıblar.
Tədbirin sonunda N. İmanquliyevin ailəsi adından filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva tədbir təşkilatçılarına təşəkkürünü bildirib.
Qeyd edək ki, prezidentin xüsusi sərəncamına əsasən N. İmanquliyevin 95 illik yubileyi münasibəti ilə onun yaşadığı binaya xatirə lövhəsi vurulub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR