Oqtay Abdullayev: “Əgər “Turan Tovuz”a lisenziya vermirlərsə, o zaman futbol nəyə lazımdır?"

Oqtay Abdullayev: “Əgər “Turan Tovuz”a lisenziya vermirlərsə, o zaman futbol nəyə lazımdır?"

© APA | Oqtay Abdullayev

# 08 may 2021 12:55 (UTC +04:00)

“Bizdə yeganə problem maliyyə ilə bağlı idi. Qalan bütün sənədlər qaydasındadır”.

Bunu apasport.az saytına “Turan Tovuz”un prezidenti Oqtay Abdullayev deyib.

Abdullayev AFFA-nın Lisenziya Komissiyası tərəfindən kluba Premyer Liqada iştirak üçün lisenziya verilməməsini təəccüblə qarşılayıb. O, bunun üçün AFFA rəhbərliyi ilə görüşəcəyini söyləyib: “Əgər “Turan Tovuz”a lisenziya vermirlərsə, o zaman futbol nəyə lazımdır? Azərbaycan futboluna bəzək verən bu komandadır. Ölkəni avrokuboklarda ilk təmsil edən də Tovuz şəhərinin təmsilçisi olub. AFFA-nın vitse-prezidenti Elxan Məmmədovla mütləq danışıb görüşəcəyəm. Açığı, bizə lisenziya veriləcəyini gözləyirdim. Çünki mənə demişdilər ki, verilməlidir. Axı mövsümün əvvəlindən AFFA İcraiyyə Komitəsi qərar çıxarmışdı ki, növbəti mövsüm 10 komandanın iştirakı ilə keçirilsin, Gəncə və Tovuzun komandası Premyer Liqaya buraxılsın”.

Klub rəhbəri AFFA-dan onlara maliyyə yardımı etməyi tələb edib: “Tovuzda bu boyda akademiya tikilib. Nəyə görə bizə lisenziya vermədiklərini soruşacağam. Əgər maliyyədirsə, bütün klublara, onsuz da, AFFA kömək edir. Bizə də maliyyə köməkliyini AFFA etməli idi. “Neftçi”yə, “Keşlə”yə, “Sumqayıt”a, “Səbail”ə, “Qəbələ”yə, “Zirə”yə kim maliyyə köməkliyi edir bəs? Bizə də eləsin də. Təkcə Tovuzda yox, Gəncə də, Zaqatala da Premyer Liqada təmsil olunmalıdır. Bakıdakı komandalardansa, region klublarına şərait yaratsalar, futbolumuzun inkişafına daha böyük təkan olar”.

Qeyd edək ki, AFFA-nın Lisenziya Komissiyasının bu gün baş tutan iclasında I divizion təmsilçiləri “Kəpəz”, “Turan Tovuz”, “Qaradağ-Lökbatan” və “Zaqatala”ya Premyer Liqada iştirak üçün lisenziya verilməməsini qərara alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR