«Azərsığorta» Dövlət Şirkəti son bir ildə sığorta haqlarını 12% artırıb

«Azərsığorta» Dövlət Şirkəti son bir ildə sığorta haqlarını 12% artırıb
# 28 avqust 2008 15:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkətinin bu ilin yanvar-iyun aylarında sığorta daxilolmalarının həcmi 10,95 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 12,3% çoxdur.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişləri 10,2% artaraq 6,19 mln. manata çatıb.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında şirkətin respublika üzrə ümumi sığorta ödənişlərindəki xüsusi çəkisi 28,12%, sığorta haqlarında isə 11,18% təşkil edib. Şirkət sığorta haqlarının həcminə görə ölkədə fəaliyyət göstərən sığorta təşkilatları sırasında üçüncü yeri, ödənişlərə görə isə birinci yeri tutur.
Xatırladaq ki, Azərbaycanda 28 sığorta şirkəti fəaliyyət göstərir və bunların məcmu nizamnamə kapitalı 77,678 mln. manat təşkil edir. Bu ilin birinci yarısında sığorta şirkətlərinin ümumi sığorta haqlarını həcmi 97,88 mln. manat, ödənişlər isə 22,01 mln. manat olub. Həmçinin bu dövr ərzində şirkətlərin gəlirləri 133,295 mln. manat, xərcləri 120,365 mln. manat, mənfəəti isə 12,930 mln. manat olub. Sığorta təşkilatları tərəfindən bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinə 792,991 min manat həcmində vəsait ödənilib.
Qeyd edək ki, «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti 1991-ci ildən fəaliyyət göstərir. Hazırda şirkət 8 icbari və 20 könüllü sığorta növü üzrə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR