AYİB-in Azərbaycan üzrə portfeli cüzi artıb

AYİB-in Azərbaycan üzrə portfeli cüzi artıb
# 03 sentyabr 2021 14:50 (UTC +04:00)

2021-ci ilin iyulun 31-nə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı aktiv portfelinin həcmi 35 layihə üzrə 1,128 mlrd. avro (ödənilməmiş öhdəliklər daxil olmaqla) təşkil edib. Bu rəqəm bank tərəfindən təqdim edilən son göstərici (mayın 31-i) ilə müqayisədə 0,4% artıb. Lakin aktiv layihələrin sayı 36-dan 35-ə enib.

Bu barədə "APA-Economics"ə AYİB-dən bildirilib.

Qeyd olunub ki, portfelin 78%-ini (882 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 20%-ini (226 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 2%-ini (20 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə iyun-iyul aylarında 2,3% artaraq 1,009 mlrd. avroya yüksəlib.

Beləliklə, AYİB bu günədək Azərbaycana 177 layihə üzrə 3,156 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 84,8%-i (2,676 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənib. Ümumi investisiyaların 22%-i özəl sektorun payına düşüb.

Xatırladaq ki, təkcə 2020-ci ildə bank Azərbaycana 6 layihə üzrə 17 mln. avro həcmində investisiya yatırıb. Ayrılan vəsaitin həcmi 2019-cu il ilə müqayisədə dəyişməyib, lakin layihələrin sayı 5-dən 6-ya yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR