Azərbaycanda builki valyuta hərraclarında təklif tələbi 14%-dən çox üstələyib

#
# 13:29
10 iyun 2021

Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə 10 iyun 2021-ci il tarixində keçirilən hərrac da (30,6 mln dollar) daxil olmaqla, ümumiyyətlə, bu il valyuta hərraclarında tələb 2 484,1 mln. ABŞ dolları təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, hazırda hərraclarda Dövlət Neft Fondunun qrafikə uyğun satıla bilməyən vəsaiti 364 mln. dolları təşkil edir. Beləliklə, Fondun qrafikə uyğun təklifi 2 848,1 mln. dollar təşkil edib. Nəticədə, indiyədək keçirilən valyuta hərraclarında təklif tələbi 14,7% üstələyib.

Fevral ayından başlayaraq valyuta hərraclarında, eləcə də valyuta bazarının nağd və qeyri-nağd seqmentlərində azalan tələbi AMB dünyada COVID-19 virusuna qarşı uğurla həyata keçirilən vaksinasiya proqramları fonunda karantin məhdudiyyətlərinin yumşaldılması nəticəsində qlobal iqtisadi canlanma prosesinin sürətlənməsi, qlobal enerji bazarlarında neftin qiymətinin bərpası, ölkədə qeyri-neft ixracının artımı, gözləntilərin əhəmiyyətli yaxşılaşması və həyata keçirilən kontrtsiklik makroiqtisadi siyasət ilə əsaslayır.

Qeyd edək ki, ötən il ərzində Neft Fondu valyuta hərraclarında 7,304 mlrd. dollar məbləğində vəsait satıb. Bu, 2019-cu illə müqayisədə 11% çoxdur. Son bir ildən bir qədər artıq bir müddətdə isə satışların pik həddi pandemiya ərəfəsində – mart ayına təsadüf edib – 1,928 mlrd. dollar. Təkcə may ayında valyuta hərraclarında 312,8 mln. ABŞ dolları məbləğində vəsait satılıb ki, bu da illik müqayisədə 6,4%, aylıq müqayisədə isə 38,7% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR