BVF: Regionda kütlə immunitetinə nail olmaq üçün əlavə 14 mln. peyvəndin tədarükünə ehtiyac var - MÜSAHİBƏ

Cihad Azur

© APA | Cihad Azur

# 16 noyabr 2021 12:30 (UTC +04:00)

Azərbaycan və Qazaxıstan vaksinasiya üzrə əhəmiyyətli irəliləyişə nail olublar

Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya departamentinin direktoru Cihad Azur Qafqaz və Mərkəzi Asiya regionunda iqtisadi bərpa prosesi, bu prosesdə ölkələrin üzləşdiyi əsas problemlər və onların aradan qaldırılması, həmçinin transformativ bərpanın təmin edilməsi barədə "APA-Economics"ə müsahibəsində danışıb.

– BVF son hesabatında Qafqaz və Mərkəzi Asiya (CCA) regionunda real ÜDM artımını 2021-ci ildə 4,3%, 2022-ci ildə isə 4,1% səviyyəsində olacağını proqnozlaşdırıb. Regionda iqtisadi bərpanın durumu haqqında nə demək olar?

– Ticarət tərəfdaşlığının güclü inkişafı, siyasi dəstək və pul köçürmələrinin köməyi ilə regionda bərpa davam edir. Bundan əlavə, COVID-19 pandemiyasının yeni dalğalarına baxmayaraq, vaksinasiya templəri xeyli sürətlənib və bu il bəzi ölkələr, məsələn, Azərbaycan və Qazaxıstan, bu sahədə əhəmiyyətli irəliləyişə nail olublar. Peyvəndlənmə turizm fəaliyyəti üçün də əsas rol oynayır və CCA-də kütlə immunitetinə nail olmaq üçün əlavə 14 mln. peyvəndin tədarükünə ehtiyac var.

Bərpanın 2022-ci ildə də davam edəcəyini gözləsək də, prosesin qeyri-bərabər olacağı və qarşıdan duran maneələrə və böyük qeyri-müəyyənliyə məruz qalacağı ehtimal edilir.

Qlobal ərzaq və əmtəə qiymətlərinin yüksəlməsini, tələbatın davam edən bərpasını əks etdirən və bu il 8,5%-ə yüksələcəyi proqnozlaşdırılan inflyasiya region üçün yeni çağırışdır. Regiondakı requlyatorlar yaranmış vəziyyətə pul siyasətini lazımi şəkildə sərtləşdirməklə cavab verdilər. Gələn il inflyasiyanın tədricən azalacağı gözlənilir, lakin mərkəzi banklar inflyasiya gözləntilərini diqqətdə saxlamalıdır. Ərzaq qiymətlərinin yüksəlməsi, sözügedən faktorun yoxsul əhaliyə qeyri-mütənasib təsiri və sosial narazılığa səbəb ola bilməsi riski narahatlıq doğurur. 2020-ci ildəki kəsirlərin və ölkələrin dövlət borcunun kəskin artmasından sonra büdcə balansları yaxşılaşmağa başlayıb.

– Pandemiya dövründə regionun bərpa prosesinin əsas problemləri hansılardır?

– Regionda orta işsizlik səviyyəsi 2020-ci ildə 8,7%-ə yüksəlib. Bu, 2018-2019-cu illərdəki orta göstəricidən 0,8 faiz bəndi çoxdur və ən təsirlənən qruplar gənclər, qadınlar və əmək miqrantları olub. CCA ölkələrində işçi qüvvəsinin əhəmiyyətli bir hissəsini təşkil edən qeyri-rəsmi işçilər məhdudlaşdırma tədbirləri səbəbindən əvvəlki tənəzzüllərə nisbətən daha çox təsirləndilər. Eyni şəkildə regiondakı kiçik şirkətlər də pandemiya səbəbindən daha güclü mənfi təsirlə üzləşdi.

Region həmçinin, iqtisadi "zədələr", mövcud rifahın, gəlirlərin və sosial boşluqların genişlənməsi və nəticədə davamlı olaraq zəif artım riskləri ilə üzləşir.

– Sözügedən dövrdə pandemiyadan sonra sürətli bərpa üçün ölkələr qarşılarına hansı iqtisadi-siyasi prioritetləri qoymalıdır?

– CCA ölkələri qısamüddətli çətinliklərin öhdəsindən gəlmək və transformativ bərpa üçün zəmin yaratmaq arasında tarazlıq yaratmalıdırlar.

Birbaşa prioritet mövcud maliyyə imkanlarına uyğun olaraq səhiyyə və iqtisadi dəstək ehtiyaclarını qarşılamağa davam etməkdir. Geniş yayılmış vaksinasiya həyatları xilas etmək, iqtisadi böyüməyə təkan vermək və bərabərsizliyi azaltmaq üçün ən aktual prioritet olaraq qalır. Heç kimin geridə qalmamasını təmin etmək üçün peyvəndlənmənin tətbiqi sahəsində daha güclü regional və beynəlxalq əməkdaşlıq vacibdir.

Ölkələr çətin kompromisləri idarə etmək üçün siyasətlərini diqqətlə tənzimləməli olacaqlar. Qeyd edildiyi kimi, inflyasiya yaxından izlənilməsini tələb edir və inflyasiya gözləntiləri həddən artıq artarsa, faiz dərəcələrinin əlavə artımına ehtiyac ola bilər. Maliyyə imkanlarının limitlərini nəzərə almaqla, əlavə maliyyə dəstəyi daha çox ehtiyacı olan və çətin vəziyyətdə olan, lakin normal fəaliyyətə hazır olan şirkətləri hədəf almalıdır. Maliyyə sektorunda maliyyə sabitliyini qorumaq üçün prudensial tələblərin yumşaldılması tədricən ləğv edilməlidir. Siyasət çərçivələrinin gücləndirilməsi etibarlılığı artırmağa və güzəştləri azaltmağa kömək edəcək.

Eyni zamanda, regionun əsas problemini həll edəcək strategiya lazımdır: potensial artımı necə gücləndirmək və onu daha inklüziv etmək. Bunu etmək üçün daha dərin bazar iqtisadiyyatına aparan və dövlətin rolunu azaldıb, ona yenidən baxılmasını təmin edəcək islahatlar tələb olunacaq.

Bərabərsizlikləri aradan qaldırmaq, məşğulluğu dəstəkləmək və riskləri azaltmaq üçün də əlavə addımlar lazım olacaq. Regionda səhiyyə və təhsilin gücləndirilməsinə və sosial təhlükəsizlik şəbəkələrinin gücləndirilməsinə diqqət yetirilməlidir. İşsizlik problemini həll etmək üçün ölkələr təlim proqramlarını təkmilləşdirə, işçilərin istehsal sektoruna keçidinə kömək etmək üçün stimullar təqdim edə və formal sektorda gənclər və qadınlar üçün məşğulluq imkanlarını dəstəkləyə bilər. Bu səylər qeyri-rəsmiliyi azaldan və özəl sektorun məşğulluğunu gücləndirən tədbirlərlə, o cümlədən daha güclü və şəffaf biznes mühitinin təmin edilməsi ilə asanlaşdırıla bilər. İndiki məqam həm də dövlət müəssisələrinin məqsədlərini və onların idarə edilməsini yenidən qiymətləndirməyi tələb edir. Rəqabəti və daha geniş biznes mühitini artırmaq üçün islahatlarla birlikdə bu, fiskal risklərin azaldılması və özəl sektorun böyüməsi və iş yerlərinin yaradılmasının təşviqi üçün mühüm rol oynaya bilər.

– Siz transformativ bərpa modelini qeyd etdiniz. Sözügedən model çərçivəsində ölkələr hansı tədbirləri görməlidir?

– CCA ölkələrinin həm gələcəyə, həm də bu bərpanın regionun transformasiyasını necə təmin edə biləcəyinə dair aydın baxışları olmalıdır. Qlobal tendensiyalardan istifadə etmək, o cümlədən rəqəmsal və iqlim dəyişikliyinə davamlı texnologiyalara sərmayə yatırımı burada vacib olacaq. Güclü, dayanıqlı və inklüziv bərpanı təmin etmək və iqtisadi diversifikasiyanı dəstəkləmək üçün islahatlara ehtiyac var. Gücləndiriləcək sahələrə təhsil və təlim, daxili maliyyə bazarları, biznes mühiti və idarəetmə daxildir.

Rəqəmsallaşma artıq bir çox ölkələrdə bu böhranı idarə edərkən faydalı olub. Bu proses, səmərəli sosial təhlükəsizlik şəbəkələrini dəstəkləmək, yeni sektorları inkişaf etdirmək və regionun qlobal miqyasda rəqabətə davamlı qalmasını təmin etmək üçün həyati əhəmiyyət kəsb edəcək.

İqlim fəlakətlərinin tezliyi və zərəri bir çox CCA ölkələrində indidən yüksəkdir və gələcək onilliklərdə davamlı olaraq artacağı proqnozlaşdırılır, buna görə də iqlimə uyğunlaşma səyləri vacibdir. Bir sıra ölkələr üçün aşağı karbonlu iqtisadiyyata qlobal keçidin bir hissəsi kimi davamlı inkişafı təmin etmək üçün iqtisadi diversifikasiya və erkən islahatların planlaşdırılması mühüm əhəmiyyət kəsb edəcək. Düzgün hədəflənmiş iqlim investisiyaları gələcək nəsil üçün yeni, davamlı iş yerlərinin yaradılmasına və dinamik özəl sektorların qurulmasına kömək edəcək.

– Pandemiya dövründə BVF regiondakı ölkələrə necə dəstək olur?

– CCA regionu tək deyil, çünki o, pandemiya ilə mübarizə aparmağa davam edir və regionu daha dayanıqlı və inklüziv iqtisadi yola aparacaq bərpa yolu ilə gedir. BVF yuxarıda göstərilən bütün sahələrdə texniki dəstək və məsləhətlər verir. Fond, həmçinin pandemiya başlayandan regiona 1,4 mlrd. ABŞ dolları həcmində yeni maliyyə dəstəyi verib və xüsusi borcalma hüquqları şəklində 4,1 mlrd. dollar ayırıb.

Pandemiya CCA ölkələri ilə BVF arasında tərəfdaşlığı daha da gücləndirdi. Birgə işləməklə, biz regionun bu böhrandan daha inklüziv, davamlı və yaşıl gələcəyə aparan yola çıxmasına kömək edə bilərik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR