Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə “Rusiyanın azərbaycanlı gəncləri” mövzusunda konfrans keçirilib - FOTO

Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə “Rusiyanın azərbaycanlı gəncləri” mövzusunda konfrans keçirilib - FOTO
# 31 yanvar 2020 11:06 (UTC +04:00)

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR ) sədri Leyla Əliyevanın təşəbbüsü ilə “Rusiyanın azərbaycanlı gəncləri” mövzusunda konfrans keçirilib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, konfransda AMOR-un fəalları, Azərbaycan diasporunun, Rusiya dövlət orqanlarının, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə elm və təhsil, idman, mədəniyyət və digər sahələrdə birgə layihələrin hazırlanması və həyata keçirilməsi məsələləri müzakirə olunub.

AMOR layihələrinin əlaqələndiricisi Ramin Rəcəbov konfransı açaraq Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR-un sədri Leyla Əliyevanın adından konfrans iştirakçılarını salamlayıb.

O qeyd edib ki, AMOR konfransının Azərbaycanda fevralın 2-də qeyd olunan Gənclər Günü ərəfəsində keçirilməsi əlamətdar haldır. Bu yaxınlarda 10 illik yubileyini qeyd etmiş AMOR-un Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında gördüyü işlərdən danışan R. Rəcəbov təhsil, mədəniyyət, ekologiya, səhiyyə və digər sahələrdə gerçəkləşdirilmiş layihələrdən söz açıb: “Fərəhləndirici haldır ki, azərbaycanlı gənclər Rusiya cəmiyyətinə fəal inteqrasiya etməklə yanaşı, öz köklərini, adət-ənənələrini də yaddan çıxarmırlar”.

Təşkilatın məsul katibi Ceyhun Hüseynov çıxışında Azərbaycanda rus dili və ədəbiyyatına dövlət qayğısından danışıb. O vurğulayıb ki, gənclər Rusiyada və Azərbaycanda baş verən prosesləri diqqətlə izləyir, bir-birinin sevincinə şərik olurlar. Xalqlarımız arasında mehriban dostluq münasibətlərinin qurulması dövlət başçıları İlham Əliyev və Vladimir Putinin müdrik siyasətləri sayəsində mümkün olub.

“Yedinaya Rossiya” Partiyasının “Molodaya qvardiya” təşkilatının Beynəlxalq istiqamət rəhbərinin müavini Valeriya Sidorenko AMOR ilə ən müxtəlif istiqamətlərdə müştərək layihələrin həyata keçirildiyini bildirərək deyib ki, siyasi-sosial yönümlü “Parlament debatları” mövzusunda birgə tədbir uğurla keçirilib: “Düşünürəm ki, bu cür tədbirlərin ardıcıl keçirilməsi məqsədəuyğundur. Gənclər özləri də birgə əməkdaşlıqda maraqlıdırlar. Olduqca vacib məsələlərin müzakirə edildiyi bugünkü konfransda həm Moskvada, həm də regionlarda təhsil alan azərbaycanlı gənclərin iştirakı bizi çox sevindirir. “Molodaya qvardiya” və AMOR kimi təşkilatlar gəncləri istiqamətləndirir, onlara öz potensialından düzgün istifadə etməkdə yardımçı olur. Rusiya və Azərbaycan gəncliyinə yalnız irəli getməyi, çətinliklərdən qorxmamağı arzu edirəm”.

“Molodyoj Daqestana” nəşrinin müxbiri Mariya Malova hələ tələbəlik illərindən AMOR ilə sıx əməkdaşlıq etdiyini bildirib: “İndi mən və yaşıdlarım artıq tələbə olmasaq da, tələbələri dəstəkləmək, onların problemləri və planları ilə maraqlanmaq üçün bu gün buraya toplaşmışıq. Nə yaxşı ki, azərbaycanlı dostlarımla əlaqələrimizi itirmirik”.

Konfransda Azərbaycan diasporunun nümayəndəsi, iqtisad elmləri namizədi, dosent Aybəniz Rüstəmova, “Könüllü tibb işçiləri” Ümumrusiya İctimai Hərəkatının əlaqələndiricisi Olqa Nikitina, Dövlət Duması deputatının köməkçisi Yuliya Şmantsr, AMOR fəalı İlahə Ələkbərova və başqaları iki ölkə gənclərinin əməkdaşlığının, aktual sosial mövzularda birgə layihələrin hazırlanmasının əhəmiyyətindən danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR