ETSN: Ermənistanın çirkləndirdiyi Oxçuçayda vəziyyət ekoloji fəlakət səviyyəsinə çatıb

İşğaldan azad olunmuş ərazilərdə ekoloji duruma dair mətbuat konfransı

© APA | İşğaldan azad olunmuş ərazilərdə ekoloji duruma dair mətbuat konfransı

# 04 iyun 2021 15:28 (UTC +04:00)

"İşğaldan azad olunmuş ərazilərdə ötən ildən başlayan monitorinqlərin ilkin nəticələri var".

APA-nın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi və işğaldan azad olunmuş ərazilərdə ekoloji duruma dair mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan azsulu ölkələr siyahısındadır: "İqlim dəyişikliklərinə görə növbəti illərdə su ehtiyatları azalacaq. Azsulu ölkə kimi suları qorumalıyıq və sudan düzgün istifadə etməliyik. İşğaldan azad olunmuş ərazilər su ehtiyatları ilə zəngindir. Növbəti illərdə ora qayıdışla bağlı layihələr işlənməkdədir. İşğal nəticəsində təkcə ətraf mühitə deyil, su resurslarına da böyük ziyan dəyib və bu ziyanlar davam etməkdədir. Ermənistan ərazisindən keçən transsərhəd çaylarda müharibədən sonra aparılan monitorinqlər göstərir ki, bütün çaylarda çirklənmə yüksək dərəcədədir. Çaylar kimyəvi çirkləndiricilərlə çirkləndirilir. Ən çox çirklənməyə məruz qalan Oxçuçaydır. Oxçuçayda vəziyyət ekoloji fəlakət səviyyəsinə çatıb, burada bioloji müxtəliflik yox olma səviyyəsindədir".

Nazir müavini qeyd edib ki, bununla bağlı analizlər ölkədən kənarda aparılır.

ETSN-in Ətraf Mühitin və Təbii Sərvətlərin Tənzimlənməsi şöbəsinin müdir müavini Vasif Əliyev isə bildirib ki, işğaldan azad olunmuş ərazilərdəki bütün çaylardan analizlər götürülüb. Onun sözlərinə görə, həm ölkə daxilində, həm də xaricində analizlər yoxlanılıb:

"Su nümunələrində təhlillər göstərib ki, çirkləndiricilər normadan yüksəkdir. Təhlillərə görə, mis, qurğuşun, dəmir və digər elementlər normadan dəfələrlə yüksəkdir. Mikrobioloj təhlillərə görə də çay suyu çirkli hesab olunur. Bəsitçayda, Bərgüşad və Araz çaylarında da nəticələr yolverilən qatılıq həddindən yüksəkdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR