Ceyhun Bayramov Lavrovla görüşüb - YENİLƏNİB-1

Ceyhun Bayramov və Sergey Lavrov

© APA | Ceyhun Bayramov və Sergey Lavrov

# 11 may 2021 17:14 (UTC +04:00)

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, nazirlərin təkbətək görüşündən sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.

Nazir Ceyhun Bayramov həmkarını səmimiyyətlə salamlayaraq, ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın bir çox istiqamətlərdə inkişaf etdiyini qeyd edib. Həm ikitərəfli, həm də çoxtərəfli çərçivələrdə əməkdaşlığın uğurla həyata keçirildiyi vurğulanıb.

Nazir Sergey Lavrov Azərbaycan Respublikası Prezidenti ilə keçirilmiş görüşə və aparılmış məhsuldar müzakirələrə istinad edib, eyni tarixdə iki ölkənin dövlət başçılarının telefon söhbətinin baş tutduğunu məmnunluqla bildirib. Dövlət başçıları tərəfindən müəyyən edilən strateji fəaliyyət xəttinin aidiyyəti qurumlar tərəfindən həyata keçirildiyi qeyd olunub. İki ölkənin gündəliyində bir çox məsələlərin olduğu və əməkdaşlığın geniş spektr üzrə həyata keçirildiyi vurğulanıb.

Tərəflər, faşizm üzərində birgə qələbənin növbəti ildönümü münasibətilə təbriklərini səsləndirərək, nasizm ideologiyası ilə mübarizədə qətiyyət və həmrəyliklərini ifadə ediblər.

Nazirlər ikitərəfli gündəlikdə duran bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq münasibətlərinin inkişafı perspektivlərini müzakirə ediblər.

İki ölkə arasında qarşılıqlı səfərlərin intensivliyinin münasibətlərin inkişafında vacib rol oynadığı bildirilib. Pandemiyanın ölkələrimiz arasında münasibətlərin möhkəmləyini sınadığı, bir gün də olsun əlaqələrdə fasilənin olmadığı qeyd olunub. Bu yaxınlarda Moskvada keçirilmiş Hökumətlərarası Komissiyanın növbəti iclasının nəticələrinin pandemiyanın qismən də olsa təsir etdiyi iqtisadi-ticarət münasibətlərinin irəli aparılması baxımından əhəmiyyət kəsb etdiyi vurğulanıb.

İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə, qarşıdan gələn il qarşılıqlı fəaliyyətin həyata keçirilməsi razılaşdırılıb.

Tərəflər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri ətrafında fikir mübadiləsi aparıblar. BMT, ATƏT, MDB, QDİƏT və digər çərçivələrdə əməkdaşlığın davam etdirilməsi və möhkəmləndirilməsinin önəmi ifadə olunub.

Nazirlər bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, bölgədə münasibətlərin normallaşdırılmasına və sülhün təmin olunmasına xidmət edəcək iqtisadi və nəqliyyat layihələri, habelə üçtərəfli bəyanatların həyata keçirilməsinə əngəl olan məsələlər ətrafında geniş müzakirələr aparıblar.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda nazirlər tərəfindən “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Rusiya Federasiyasının Xarici İşlər nazirliyi arasında 2021-2022-ci illər üçün məsləhətləmələr Planı” imzalanıb.

***

saat 11:25

Xarici işlər nazirlərinin başçılığı ilə Azərbaycan-Rusiya nümayəndə heyətlərinin geniş tərkibli görüşü keçirilir.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.

***

saat 11:00

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə işgüzar səfəri çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşür.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.

“Nazir Ceyhun Bayramovun rusiyalı həmkarı Sergey Lavrov ilə təkbətək görüşü başladı”, - deyə qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR