Fərid Şəfiyev: “Fransa tərəfindən səsləndirilən mesajlar vəziyyəti daha da gərginləşdirir”

Fərid Şəfiyev: “Fransa tərəfindən səsləndirilən mesajlar vəziyyəti daha da gərginləşdirir”

© APA | Fərid Şəfiyev

# 17 may 2021 16:34 (UTC +04:00)

“Son günlər Ermənistan-Azərbaycan sərhədində vəziyyət iki ölkə arasında yenidən gərginliyin artmasına və beynəlxalq vasitəçilərin diqqətinin yenidən bölgəyə yönəlməsinə səbəb olub. Təəssüf ki, Azərbaycan torpaqlarının işğalı faktını 30 ilə yaxındır, görməzdən gələn sözügedən vasitəçilər və dünya mediası  bu dəfə keçmiş işğalçı ölkəyə dəstək göstərməyə tələsir və heç bir halda regionda sülhə xidmət etməyən, yanlış mesajlar verirlər”.

APA xəbər verir ki, bunu BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin Ermənistan-Azərbaycan sərhədində baş verən son prosesləri şərh edərkən bildirib.

F. Şəfiyev qeyd edib ki, əvvəla Ermənistan hələ də Azərbaycanın bir sıra yaşayış məskənlərini - Naxçıvanda Kərki kəndini və  Qazaxın Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli olmaqla ümumilikdə 7 kəndini işğal altında saxlayır: “İkincisi, Ermənistan anlamalıdır ki, iki ölkə arasında 30 ilə yaxın işğal altında qalmış sərhəd mövcuddur və İrəvandakı hökumət bu müddət ərzində sərhədə malik olmaq hissini itirib.

Üçüncüsü, delimitasiya iki ölkənin ərazi bütövlüyünü hörmət əsasında həyata keçirilməlidir. Əfsuslar olsun ki, Ermənistan siyasi partiyaları tərəfindən səsləndirilən fikirlərdə barışığa dair heç bir əlamət müşahidə olunmur. Dördüncüsü, beynəlxalq vasitəçilər, xüsusilə Fransa tərəfindən səsləndirilən mesajlar qəbuledilməzdir və sülhü təşviq etmək əvəzinə, vəziyyəti daha da gərginləşdirir. Bütün vasitəçilər, o cümlədən ABŞ və Fransa ermənilərin Qarabağdakı statusuna dair köhnəlmiş tezislərdən əl çəkməlidirlər.

Regionda davamlı sülhün bərqərar olmasının yeganə yolu Cənubi Qafqazda hər 3 ölkənin ərazi bütövlüyünə hörmətdən asılıdır. Bu həmçinin müxtəlif etnik icmaların öz iqtisadi və mədəni hüquqlarını inkişaf etdirmələrinə şərait yaratmaq əsasında həyata keçirilməlidir. Bu baxımdan məsələyə ikili standartlarla yanaşma yalnız “parçala, hökmranlıq et” imperialist tezisi əsasında region idarə etmək istəyən qüvvələrə xidmət edir.

Azərbaycan ötən ilki müharibədə qəti qələbə qazanmaqla öz mövqeyini möhkəmləndirib və bu baxımdan Azərbaycan xalqının təhlükəsizliyini təhdid altına ala biləcək istənilən cəhd uğursuz olacaq”.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR