Azərbaycan prezidenti: "Hər bir sahə üzrə təmizlik, şəffaflıq, ədalət əsas prinsiplər olacaq"

Azərbaycan prezidenti: "Hər bir sahə üzrə təmizlik, şəffaflıq, ədalət əsas prinsiplər olacaq"
# 25 dekabr 2013 00:35 (UTC +04:00)

Bakı-APA. “Fiziki imkanları məhdud olan gənclər üçün belə gözəl reabilitasiya və peşə mərkəzlərinin yaradılması Azərbaycanda güclü sosial siyasətin aparılması deməkdir”. APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev dekabrın 24-də Bakının Sabunçu rayonunun Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin yenidənqurmadan sonra açılış mərasimində sağlamlıq imkanları məhdud gənclərlə görüşündə deyib.

Dövlət başçısı çıxışında Azərbaycanın sosial dövlət olduğunu dəfələrlə qeyd etdiyini xatırladıb: “Baxmayaraq biz artıq 22 ildir ki, bazar iqtisadiyyatı şəraitində yaşayırıq, sosial siyasət daim diqqət mərkəzində olmalıdır. Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycanın təcrübəsi, bu sahədə əldə edilmiş təcrübə başqa ölkələr üçün də maraqlı ola bilər. Çünki biz keçid dövrünü başa çatdırmışıq. Biz sovet sistemində yaşamışıq. Ondan sonra bazar iqtisadiyyatı sisteminə keçmişik. Ancaq biz vacib olan bütün sosial əlamətləri saxlamışıq və onları gücləndirmişik”.

Prezident əsaslı iqtisadi islahatların aparılması ilə bərabər, güclü sosial siyasətin həyata keçirilməsinin bugünkü reallıqları müəyyən etdiyini qeyd edərək, gələcəkdə bu sahəyə diqqətin daha da böyük olacağını bildirib: “Çünki bizim maliyyə imkanlarımız yaxşılaşır, iqtisadiyyat artır. Güclü iqtisadiyyatı olan ölkələrdə əlbəttə ki, sosial məsələlər də uğurla həll olunur. Maaşlar, pensiyalar qaldırılır, sosial obyektlər tikilir, bir neçə ay bundan əvvəl Bakıda “Qocalar evi” açılıb. Orada da gözəl şərait yaradılıb. Bu Mərkəz gənclər üçün nəzərdə tutulur”.

Azərbaycan prezidenti bu sahə ilə bağlı bütün planların həyatda öz əksini tapacağına əmin olduğunu bildirib: “Sosial sahə hər bir ölkə üçün vacib olan sahədir. Sosial sahə hər bir insana təsir edir. Onun yaşayış səviyyəsinə təsir edir. Burada həm dövlət siyasəti düzgün aparılmalıdır, eyni zamanda, cəmiyyət də bu sahədə dövlətlə bir yerdə olmalıdır”.

Dövlət başçısı Azərbaycan cəmiyyətində fiziki imkanları məhdud olan insanlara münasibətin müsbət olduğunu qeyd edərək, bunun cəmiyyətin əlaməti olduğunu bildirib: “Heç də hər yerdə belə deyil. Dövlət siyasəti də bu istiqamətdə aparılır. Burada müxtəlif peşələrə sahib ola biləcək gənclərin gələcəkdə işlə təmin edilməsi üçün də biz gərək səylərimizi əsirgəməyək. Burada təlim kursları keçəcək insanların gələcək taleyi ilə də biz gərək maraqlanaq. Dövlət və özəl müəssisələrdə əlillərin işlə təmin edilməsi məsələləri qanunvericiliklə tənzimlənir. Ancaq həyatda heç də hər zaman buna riayət edilmir. Ona görə, hesab edirəm ki, burada həm ciddi nəzarət olmalıdır, eyni zamanda, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsi də öyrənilməlidir. O təcrübə müsbətdir. Biz o təcrübəni Azərbaycanda tətbiq etməliyik ki, fiziki imkanları məhdud olan insanlar, xüsusilə gənclər cəmiyyətdə özlərini rahat hiss etsinlər, cəmiyyətdən təcrid edilməsinlər və cəmiyyətin fəal üzvləri olsunlar”.

“İndi gənclər cəmiyyətimizin ən fəal üzvləridir. Bütün gənclər özlərini rahat hiss etməli, ölkəmizin inkişafına öz töhfələrini verməlidir. Bizim gənclərimiz vətənpərvərdir, Vətənə bağlı olan gənclərdir, biliyə, savada çox meyllidirlər. Bu gün hesab edirəm, hər kəs dərk edir ki, yüksək bilik olmasa, cəmiyyətdə layiqli yer tutmaq mümkün olmayacaq”, deyə prezident İlham Əliyev qeyd edib.

Prezident İlham Əliyev qeyd edib ki, dövlət bundan sonra da bu sahədə öz siyasətini aparacaq: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılan islahatlar qısa müddət ərzində öz müsbət nəticələrini verəcək. Hər bir sahə üzrə təmizlik, şəffaflıq, ədalət əsas prinsiplər olacaq. Əminəm ki, hər bir vətəndaş, xüsusilə əlil, fiziki imkanları məhdud olan vətəndaş bunu hiss edəcək”.

Dövlət başçısı sosial sahə ilə bağlı fəaliyyətin çox geniş olduğunu qeyd edib: “Sosial proqramların icra edilməsi, sosial infrastrukturun yaradılması, məktəb, xəstəxana tikintisi, məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması, - bütün bunlar sosial sahəyə aid olan məsələlərdir. Biz çalışırıq imkan daxilində bu sahədə maksimum nəticəni əldə edək. Xüsusilə ən ağır vəziyyətdə yaşayanlara biz dövlət olaraq daim arxa, dayaq olmalıyıq”.

Məcburi köçkünlərin yaşayış səviyyəsini yaxşılaşdırmaq və məşğulluğu artırmaq üçün dövlət proqramlarının icra edildiyini xatırladan ölkə başçısı hər il 20 min köçkün yeni mənzillərə yerləşdirildiyini qeyd edib: “Demək olar ki, hər il Azərbaycanda bir orta səviyyəli şəhər yaradılır. Çadır şəhərcikləri ləğv edilibdir və yeni mənzillər verilir. Fiziki imkanları məhdud olan şəxslərə, Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə dövlət tərəfindən hər il mənzillər, minik maşınları verilir. Dünən növbəti Sərəncam imzalanıb. Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb ki, bu da növbədə duranların problemlərini həll etsin. Gələn il də müəyyən məbləğ ayrılacaq. Beləliklə, minik maşınlarına olan tələbat tam təmin ediləcək”.

“Sosial sahə hər bir ölkənin, dövlətin qüdrətini əks etdirir. Əlbəttə, bu gün Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Ona görə, sosial sahəyə ayrılan vəsait də artır. Ancaq hətta bizim maddi imkanlarımız məhdud olan dövrdə də sosial sahəyə daim diqqət göstərilib”, deyə prezident bildirib.

Dövlət başçısının sözlərinə görə, indi bəzi inkişaf etmiş ölkələrdə sosial proqramlar ixtisar edilir, maaşlar kəsilir, iş yerləri ixtisara düşür: “Ancaq Azərbaycanda istənilən dövrdə, hətta böhranlı illərdə də maaşlar, pensiyalar, sosial müavinətlərin məbləğləri artır və sosial proqramların heç biri təxirə salınmayıb. Nəzərə almalıyıq ki, bizim bundan sonra da iqtisadi inkişafımız uğurlu və sürətli olacaq. Əlbəttə, gələcək illərdə sosial məsələlərin həlli üçün bizdə daha da yaxşı imkanlar olacaq”.

Prezident İlham Əliyev qeyd edib ki, belə gözəl mərkəzlərin yaradılması dövlətimizin qüdrətini göstərir: “Biz müstəqil, güclü dövlətdə yaşayırıq. Fəxr edirik ki, bu dövlətdə yaşayırıq. Hamımız elə etməliyik ki, bu dövlət daim inkişafda, yüksəlişdə olsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR