Azərbaycanda səhv hesablanan gömrük ödənişləri geri qaytarılacaq

Azərbaycanda səhv hesablanan gömrük ödənişləri geri qaytarılacaq
# 21 fevral 2013 09:21 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Gömrük ödənişlərinin qaytarılması Qaydaları»nı təsdiq edib. «APA-Economics»in məlumatına görə, Gömrük Məcəlləsinə əsasən hazırlanan qaydalar gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması prosedurasını müəyyən edir.

Qeyd edək ki, gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Vergi Məcəlləsinə uyğun olaraq, Nazirlər Kabinetinin təsdiqlədiyi «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları» əsasında həyata keçirilir.

Gömrük orqanları tərəfindən alınan dövlət rüsumunun qaytarılması «Dövlət rüsumu haqqında» qanuna uyğun olaraq, Nazirlər Kabinetinin təsdiqlədiyi «Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları» əsasında həyata keçirilir.

«Gömrük ödənişlərinin qaytarılması Qaydaları» isə gömrük orqanları tərəfindən alınan gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın qaytarılmasını tənzimləyir.

Qaydalara əsasən, mallar qüsurlu olduqda və ya gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu qaytarılır. Gömrük Məcəlləsinin 231-ci və 233-cü maddələrində nəzərdə tutulmuş hallarda gömrük orqanlarının həyata keçirdiyi əməliyyatlar üçün ödənilmiş haqqın və gömrük yığımlarının məbləğləri hesablanarkən səhvə yol verildikdə, onlar bu Qaydalara əsasən Azərbaycan gömrük sisteminin büdcədənkənar inkişaf fondundan geri qaytarılır.

Sərbəst dövriyyəyə buraxılmamışdan əvvəl xarab olmuş mallar qüsurlu hesab edilir. Malın sahibi gömrük ödənişlərinin, yəni gömrük rüsumları, gömrük yığımları və haqqın hesablanmasında səhvə yol verilməsini əsaslandırdıqda və ya gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə geri qaytarılır.

Qaydalarda nəzərdə tutulub ki, gömrük ödənişlərinin qaytarılması üçün ödənişdən sonra 1 il ərzində müraciət etmək mümkündür. Ödənişin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər.

Gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. Gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi haqqında qərar şəxs tərəfindən ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan şikayət verilə bilər. Gömrük ödənişlərinin qaytarılması bu barədə qərar verildikdən sonra 1 ay müddətində həyata keçirilir.

Səhv hesablanmış gömrük ödənişləri qərar verildikdən 3 ay müddətində qaytarılmadıqda və bu gömrük orqanının hərəkəti nəticəsində baş verdikdə, həmin məbləğə Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcəsi ilə faizlər hesablanır və ümumi borc məbləği ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR