Nazir müavini: “Azərbaycan Şimal-Cənub dəhlizi ilə bağlı bütün zəruri addımları atıb” - FOTOSESSİYA

Nazir müavini: “Azərbaycan Şimal-Cənub dəhlizi ilə bağlı bütün zəruri addımları atıb” - <font color=red>FOTOSESSİYA</font>
# 28 iyun 2012 14:01 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Bakıda keçirilən “Rusiya-Azərbaycan dialoqu -2012” III Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində Azərbaycan-Rusiya münasibətlərinin müxtəlif istiqamətlərinə həsr olunmuş 7 dəyirmi təşkil olunub.

APA-nın məlumatına görə, “İki ölkənin strateji tərəfdaşlığının möhkəmlənməsinə yönəlmiş birgə enerji layihələri” mövzusunda keçirilən dəyirmi masada iştirakçılar layihələrin inkişafı, enerji sahəsində perspektiv və nailiyyətlər məsələlərini müzakirə ediblər. Müzakirələrdə Azərbaycanın Sənaye və Energetika Nazirliyinin, Rusiyanın İqtisadi İnkişaf və Energetika nazirliklərinin, “İnter RAO EES”in nümayəndələri, Milli Məclisin deputatları, bir sıra KİV rəhbərləri iştirak ediblər.

Azərbaycan sənaye və energetika nazirinin müavini Natiq Abbasov ölkənin enerji sektorunun inkişafı haqqında məlumat verib. O qeyd edib ki, 2010-cu ildə Azərbaycan 50 mln. ton neft və 28 mlrd. kubmetr qaz hasil edib. 2020-2025-ci illərdə 50-55 mlrd. kubmetr qaz hasil edilməsi planlaşdırılır: “Azərbaycanın ümumi qaz ehtiyatları 2,6 trln. kubmetr, neft ehtiyatları 1,5 mlrd. ton təşkil edir. Bu isə o deməkdir ki, Azərbaycanın ən azı 50 illik neft və 100 illik qaz ehtiyatı var”.

Birgə enerji layihələrindən danışan N.Abbasov Şimal-Cənub (Rusiya-Azərbaycan-İran) dəhlizinin yaradılmasından söz açıb. Onun sözlərinə görə, bu layihənin taleyi hələlik qeyri-müəyyən olsa da, Azərbaycan öz tərəfindən bütün zəruri addımları atıb: “Xaçmaz və İmişlidə yeni yarımstansiyalar inşa olunub”.

Nazir müavini alternativ enerji mənbələrinə toxunaraq bildirib ki, bu sahənin inkişafı üçün müxtəlif dövlət proqramları həyata keçirilir. Buna misal olaraq o, Sumqayıtda Sənaye Texnologiyaları Parkının yaradıldığını göstərib.

Rusiya Energetika Nazirliyinin departament direktorunun müavini Mixail Pleşkin Azərbaycanın Şimal-Cənub dəhlizi layihəsindən böyük fayda götürə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, Rusiya tərəfi Azərbaycan və İrana layihə ilə bağlı təkliflərini göndərib: “Ümid edirik ki, yaxın vaxtlarda konkret işə keçmək mümkün olacaq”.

Trans-Xəzər qaz kəməri layihəsindən danışan N.Abbasov bildirib ki, Azərbaycan bu layihədə iştirak etməklə yalnız tranzit ölkə kimi öz potensialını artırır: “Bu layihə müstəqil siyasət yürüdən Azərbaycanın enerji bazarlarının sayını artıracaq. Biz burada öz texniki imkanlarımızı təqdim etməklə yalnız tranzit ölkə kimi iştirak edəcəyik. Eyni zamanda energetika sahəsində Rusiya ilə də əməkdaşlığımızı dərinləşdiririk. Çünki Rusiya bizim strateji tərəfdaşımızdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR