Azərbaycan prezidenti Heydər Əliyev Mərkəzində, Nərimanov rayonu ərazisindəki yolda və “Hilton” otelinin qarşısındakı parkda görülən işlərlə tanış olub

Azərbaycan prezidenti Heydər Əliyev Mərkəzində, Nərimanov rayonu ərazisindəki yolda və “Hilton” otelinin qarşısındakı parkda görülən işlərlə tanış olub
# 06 may 2012 14:14 (UTC +04:00)
APA-nın məlumatına görə, prezident və xanımı əvvəlcə Heydər Əliyev Mərkəzində həyata keçirilən tikinti işlərinin gedişi ilə tanış olublar. İnşaat işlərinin ən müasir standartlara uyğun şəkildə həyata keçirildiyi bildirilib.

Azərbaycan prezidenti və xanımı ayrı-ayrı tikinti sahələrində görülən işlərlə yerindəcə tanış olublar.

Mərkəzdə aparılan işlərlə yaxından tanış olan prezident müvafiq tapşırıqlarını verib.

Sonra dövlət başçısı və xanımı paytaxtın Nərimanov rayonu ərazisində Qədirbəyov və Həsənoğlu küçələrinin kəsişməsində 1 kilometrə yaxın yolda aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olublar. Bildirilib ki, 32 metr eni olan ikitərəfli yol 4 zolaqlıdır. Xətai prospektinin davamı olan bu yola ən yüksək keyfiyyətli polimer asfalt döşənib, iki komponentli yol zolaqları çəkilib. Yol boyu 3400 paqonmetr qranit daşlardan bardürlər düzəldilib, 3800 kvadratmetr ərazisi olan səkilərə qranit daşlar döşənib, müasir işıqlandırma sistemi quraşdırılıb.

Daha sonra dövlət başçısı və xanımı “Hilton” otelinin qarşısındakı parkda həyata keçirilən abadlıq və quruculuq işləri ilə tanış olublar.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlər barədə prezidentə məlumat verib. Bildirilib ki, 7800 kvadratmetr ərazisi olan parkın 5700 kvadratmetr hissəsinə qranit daşlar döşənib. Burada böyük fəvvarələr kompleksi quraşdırılıb. Parkda İtaliyadan gətirilmiş 12 illik 18 ədəd maqnoliya və 26 illik 28 ədəd şaxtaya davamlı palma ağacları əkilib, 2010 kvadratmetrlik ərazi yaşıllaşdırılıb.

Parkın işıqlandırma sistemi ən müasir standartlar səviyyəsində qurulub.

Dövlət başçısı görülən işləri yüksək qiymətləndirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR