Azərbaycanda ana bətnində əməliyyat olunan uşaq sağlam doğulub

Azərbaycanda ana bətnində əməliyyat olunan uşaq sağlam doğulub
# 16 oktyabr 2015 12:41 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında dölün döş qəfəsinə maye yığıldığı üçün ana bətnində əməliyyat olan uşaq sağlam bir şəkildə doğulub. ATU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, klinikanın ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov bildirib ki, həkimlərin vaxtında müdaxiləsi sayəsində körpənin vəziyyəti hazırda yaxşıdır.

T. Canbaxışov qeyd edib ki, hələ körpə ana bətnində ikən həkimlər bu patologiyadan xəbərdar olublar.

Həkimin sözlərinə görə, ana 5 aylıq hamilə olanda uşağın döş qəfəsinə maye yığılmağa başlayıb: "Xəstə Türkiyəyə üz tutub, orada döş qəfəsinin hər iki tərəfinə stend taxıblar ki, yığılan maye uşaqlıq boşluğundan çölə çıxsın. Lakin müəyyən müddət sonra stendlərin yolu tutulub. Biz diaqnozu qoyduqdan sonra təcili bir müdaxilə planlaşdırdıq. Yəni, ana bətnində uşağın döş qəfəsinə daxil olub, həm sağdan, həm də soldan bu mayeni çəkmək lazım idi ki, ürək rahatlansın, fəaliyyəti bərpa olunsun və ağciyərlər açılaraq inkişafı davam etdirsin. Biz düz 3 dəfə bu proseduru həyata keçirdik. Bunlar hamiləliyin 35-ci, 36-cı və 37-ci həftəsində gerçəkləşdirildi. Prosedur zamanı bir sıra çətinliklərlə də üzləşirdik. Məsələn, bəzən uşaq dönürdü, onda məcburən ana gəzirdi ki, uşaq əvvəlki vəziyyətə qayıdandan sonra proseduraya davam edirdik.

ATU həkim briqadasının müdaxiləsi nəticəsində körpə heç bir ürək və ağciyər qüsuru olmadan dünyaya göz açıb. Uşaq doğulduqda yalnız ürəyin fəaliyyəti ilə bağlı müəyyən problemlər olub ki, indi həmin problemlər də nizama salınıb. Hazırda bu körpə ATU həkimlərinin nəzarəti altındadır və hər ay müayinə olunur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR