Nazir Ramin Quluzadə iranlı həmkarı görüşüb

Nazir Ramin Quluzadə iranlı həmkarı görüşüb
# 23 aprel 2016 08:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyində İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, görüşdə sərhədyanı ərazilərdə radio tezliklərin tənzimlənməsi, kibertəhlükəsizlik, peyk xidmətləri, mobil rabitə, poçt və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə M. Vaezini Azərbaycan prezidenti İlham Əliyev tərəfindən ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafı üçün gördüyü işlərə görə, yüksək dövlət mükafatı olan "Dostluq" ordeni ilə təltif olunmağı münasibəti ilə təbrik edib.

Nazir iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında rabitə və yüksək texnologiyalar sektorunun xüsusi rolunu qeyd edib.

M. Vaezi ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yüksək potensialın olduğunu bildirib.

Görüş çərçivəsində müzakirə olunan məsələlərin icrası ilə bağlı müvafiq sənədin hazırlanması üçün birgə işçi qrupun yaradılması qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR