Riyaziyyat və İnformatika fənlərinin tədrisi forumu keçirilib

Riyaziyyat və İnformatika fənlərinin tədrisi forumu keçirilib
# 26 fevral 2016 12:06 (UTC +04:00)

Bakı-APA. Qafqaz Universitetində AMEA-nın Riyaziyyat və Mexanika, İdarəetmə Sistemləri institutlarının, Qafqaz Universitetinin, Bakı Dövlət Universitetinin, Təhsil Problemləri İnstitutunun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı ilə riyaziyyat və informatika fənlərinin tədrisi forumu keçirilib.

Universitetdən APA-ya verilən məlumata görə, forumda əksəriyyəti Bakı Abşeron və Sumqayıt məktəblərindən olmaqla 337 nəfər riyaziyyat və informatika müəllimi iştirak edib. İştirakçılara forumda iştirakçı sertifikatı verilib.

Universitetin rektoru, professor Ahmet Saniç bildirib ki, rəhbərlik etdiyi təhsil müəssisəsi bu tədris ilindən ixtisaslar üzrə forumlar təşkil edir, xarici ölkələrdən mütəxəssislər dəvət olunur. Bu, 3-cü forumdur. Gələcəkdə də belə forumların daha konkret məsələlər üzrə müzakirələrin aparılması nəzərdə tutulub.

Təhsil Problemləri İnstitutunun direktor müavini Rəfiq Qəndilov bildirib ki, Qafqaz Universitetinin təşəbbüsü ilə təşkil olunan tədbir çox əhəmiyyətlidir.

Forumun işinə uğurlar arzulayan Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov çıxışında qeyd edib ki, riyaziyyat bütün dövrlərdə lazımlıdırsa, indiki dövrdə informatikasız keçinmək mümkünsüzdür: “İnanıram ki, Qafqaz Universitetinin təşəbbüsü ilə keçirilən bu forum tədrisin inkişafına dəstək olacaq və iştirak edən hər kəs dəyərli məlumat əldə edəcək. Təbii ki, milli dəyərlərimizi qorumaqla qabaqcıl ölkələrin təcrübələrindən istifadə etməliyik”.

Müzakirələrlə davam edən forumun ikinci hissəsində orta məktəb müəllimlərinin qarşılaşdıqları problemlərlə bağlı suallar cavablandırılıb və tövsiyələr verilib. Forumun işindən razı qaldıqlarını bildirən iştirakçılar forumda əldə etdikləri yeni biliklərin tədrisin keyfiyyətində mühüm rolu olacağını vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR