Dövlət-özəl tərəfdaşlığının inkişafı ilə bağlı konsepsiya hazırlanıb

Dövlət-özəl tərəfdaşlığının inkişafı ilə bağlı konsepsiya hazırlanıb
# 30 noyabr 2017 09:08 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin əlaqələndiricisi olduğu "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə nəzərdə tutulmuş tədbirlərin icrasının sürətləndirilməsi üçün koordinasiya prosesinin təşkili məqsədilə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərliyi ilə nazirlikdə yaradılmış işçi qrupun ilk iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, iclasda Təhsil, Maliyyə, Vergilər və Ədliyyə nazirliklərinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Əmlak Məsələləri Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri iştirak edib.

İclasda adıçəkilən yol xəritəsinin Tədbirlər Planında nəzərdə tutulmuş işlərin icrasının sürətləndirilməsi və qarşıya qoyulmuş hədəflərə nail olunması məqsədilə əsas icraçı qurumlar, habelə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında əlaqəli və birgə fəaliyyətin təmin edilməsi, eləcə də tədbirlərin tam, vaxtında və mahiyyəti üzrə icrası üçün zəruri və tələb olunan tədbirlərin görülməsi istiqamətində müzakirələr aparılıb.

Eyni zamanda, iclasda qeyd olunan yol xəritəsinin Tədbirlər Planının müvafiq yarımbəndinin icrası məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış "Dövlət-özəl tərəfdaşlığının inkişafı ilə bağlı konsepsiya"nın layihəsi müzakirə olunub və işçi qrupunun üzvlərinin müvafiq rəy və təklifləri nəzərə alındıqdan sonra Nazirlər Kabinetinə təqdim olunması qərara alınıb.

İclasda həmçinin, işçi qrupunun növbəti iclasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçirilməsi və həmin iclasda hər bir qurumun əsas icraçısı olduğu tədbirlər üzrə hesabatlarının dinlənilməsi müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR