Azərbaycanda uşaqların 84 faizi bağçalardan kənar qalıb – ARAŞDIRMA

Azərbaycanda uşaqların 84 faizi bağçalardan kənar qalıb – <font color=red>ARAŞDIRMA</font>
# 02 oktyabr 2012 10:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Məktəbəqədər təhsil müəssisələrinin icra hakimiyyətlərinin balansına verilməsindən 9 ay keçir. İlk baxışdan proses çox sadə görünsə də, ötən müddət ərzində uşaq bağçalarının sonrakı inkişafına yönəlik prioritetlər hələ ki, açıqlanmayıb. Bu da ictimaiyyətdə və valideynlərdə narahatlıq yaradır. Hələlik görünən budur ki, uşaqlarını bağçalara yerləşdirmək istəyən valideynlər ciddi çətinliklərlə üzləşirlər. Xüsusən paytaxt Bakıda bağça çatışmazlığı problemi lap qabarıq görünür...

Ölkə prezidentinin ötən il dekabrın 27-də verdiyi sərəncamla ölkədəki məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyindən çıxarılıb. Prezidentin bu il mayın 11-də verdiyi sərəncama əsasən isə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) sərbəstləşdirilmiş ştat vahidləri hesabına Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi yaradılıb. Ötən il yanvarın 11-də Dövlət Neft Şirkətinin uşaq bağçaları və körpələr evi də BŞİH-ə verilib.

Ölkənin 70 faizində məktəbəqədər müəssisə yoxdur

Qeyd edək ki, Təhsil Nazirliyinin bu ilin əvvəlində açıqladığı məlumatlara əsasən, son 4 ildə ölkə üzrə 37 yeni uşaq bağçası inşa olunub, 54 müəssisə əsaslı təmir edilib, 2 müəssisədə bərpa-gücləndirmə işləri aparılıb, 184-ü isə müasir avadanlıqlarla təchiz olunub. Nəticədə məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayı 103 mindən 113 minə yüksəlib.

Nazirliyin statistikasına əsasən, ölkə üzrə 5 yaşlıların yalnız 26 faizi icbari məktəbə hazırlığa cəlb olunub, Azərbaycanın yaşayış məntəqələrinin 70 faizində isə məktəbəqədər müəssisələr yoxdur. Məhz buna görə Təhsil Nazirliyinin məktəbəqədər təhsil sahəsində hədəfləri sırasında məktəbəqədər təhsilə cəlb olunma səviyyəsinin inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırılması, 5 yaşlıların icbari məktəbə hazırlığının təmin edilməsi, məktəbəqədər təhsil sahəsində yeni təhsil proqramının (kurrikulumun) tətbiq edilməsi, ölkə üzrə erkən yaş dövrü üzrə təhsil müəssisələrinin (bələdiyyə, icma, özəl, ailə bağçaları) yaradılması, onların fəaliyyəti üzrə dəstəkləyici və stimullaşdırıcı mexanizmlərin hazırlanması kimi məsələlər yer alıb.

“İcra strukturları bağçalarda təlim-tərbiyə işinin qurulmasında acizdir”

“XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev APA-ya açıqlamasında deyib ki, məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyindən alınıb icra hakimiyyətlərinə verilməmişdən qabaq da çox ciddi problemlər var idi: “Orta məktəblərin I sinfinə gələn şagirdlərin cəmi 14-16 faizi uşaq bağçalarında tərbiyə və təlim görüb gəlirdi. Bu, çox aşağı göstəricidir. Dünyada bu göstərici hətta postsovet məkanı da daxil olmaqla, 50 faizdən 90 faizə qədər dəyişir. Ukraynada bu göstərici 60, Belarusda 40, Finlandiyada 90 faizdir”.

Ekspert qeyd edib ki, məktəbəqədər təhsil ümumi təhsilin əsas həlqələrindən biridir. Burada oyunlar və bir sıra kurrikulumlar vasitəsilə uşaqların ilkin biliyi və intellektual təfəkkürü formalaşır: “Bağçaların icra hakimiyyətlərinə verilməsi müəyyən problemlər yaradır. Çünki icra hakimiyyətlərinin uşaq bağçalarını inkişaf etdirə biləcək qurumları yoxdur. Baxmayaraq ki, Təhsil Nazirliyi də bu sahədə heç bir irəliləyiş əldə eləyə bilməmişdi, amma müəyyən strukturları vardı. Yaranmış qarışıq vəziyyət bağçaların inkişafına mənfi təsir edəcək. Ola bilsin ki, bağçaların təmirinə, maddi texniki bazanın möhkəmlənməsinə töhfələr olacaq, amma icra strukturları bütün hallarda bağçalarda təlim-tərbiyə işinin qurulmasında acizdir. Məktəbəqədər təhsil sahəsində islahatları onlar Təhsil Nazirliyinin tabeliyində ola-ola aparmaq lazım idi”.

Məktəbəqədər təhsil müəssisələri nəzarətsiz quruma çevrilib

E. Əliyev deyib ki, Bakı şəhər İcra Hakimiyyətinin nəzdində Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi yaradılsa da, respublika üzrə bu funksiyanı həyata keçirən xüsusi qurum yoxdur: “Sanki bağçalar nəzarətsiz quruma çevriliblər. Bağçalara müstəqillik verilsə, bu qurum yaşaya bilməyəcək. Baxmayaraq ki, bütün dünyada bu tendensiya gedir, amma həmin ölkələrdə müəyyən qurumlar bağçaları himayə edir. Söhbət təkcə bağçaların ərzaqla təminatı və təmirindən yox, onların dünyada gedən tendensiyalara uyğunlaşdırılmasından gedir. Uşaq bağçaları artıq heç kəsin nəzarət etmədiyi quruma çevrilib. Təhsil Nazirliyindən alınıb icra hakimiyyətlərinin strukturlarına verilməsinə baxmayaraq, icra orqanları nə etmək lazım olduğunu müəyyənləşdirə bilmirlər. Problem ondadır ki, bağçalar üçün kurrikulum qəbul olunan vaxt bu proses həyata keçirildi. Məktəbəqədər təhsil sistemi təhsilin ən çox islahata ehtiyac olan sahəsidir. Ona görə də bu problemlər tez bir zamanda həllini tapmalıdır. Bəzən biz uşaq bağçalarına valideynlərin işə gedərkən uşaqlarını saxladıqları yer kimi baxırıq. Amma belə deyil. Dünyada məktəbəqədər təhsil müəssisələri tamam başqa funksiya daşıyır. Bu qurum ibtidai təhsil proqramının çox sürətlə mənimsənilməsinə kömək eləyə bilən təhsil həlqəsidir”.

Təhsil Nazirliyi nikbindir

Təhsil Nazirliyinin Məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva isə APA-ya bildirib ki, beynəlxalq təcrübəyə uyğun olaraq Azərbaycanda məktəbəqədər təhsilin yeni proqramı (kurrikulumu) işlənib. İlk dəfə olaraq uşaq bağçaları üçün müasir tələblər səviyyəsində 190 adda təlim vəsaitləri hazırlanıb. Kurrikulumu tətbiq etmək məqsədilə YUNİSEF-lə birlikdə “Öyrədənləri öyrədən” adlı kurslar yaradılacaq, trenerlər hazırlanacaq: “Əvvəl pilot layihə kimi Bakı şəhərində seçilmiş müəssisələrdə, sonra isə bütün respublikada bu iş həyata keçiriləcək. “Öyrədənlər öyrədən” kurslarında trenerlərin öyrədilməsi üçün metodik vəsait hazırlanır. Bundan sonra kurslara yerlərdəki məktəbəqədər təhsil müəssisələrindən pedaqoji işçilər seçiləcək. Trenerlər bu qaydaları öyrənəndən sonra artıq onu regionlarda yaymağa başlayacaqlar. İl ərzində bütün məktəbəqədər təhsil müəssislərində işləyən tərbiyəçilərin hamısı treninqlərdən keçirilməlidir ki, gələcəkdə yeni kurrikulumla işləyə bilsinlər”.

Sektor müdiri deyib ki, yeni kurrikulum Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Məktəbəqədər təhsilin standartı və proqramı”na əsasən hazırlanıb. Kurrikulumda məktəbəqədər təhsilin bütün istiqamətləri - uşaqların fiziki, sosial-emosional inkişafı, estetik tərbiyəsi, sağlamlığı, təhlükəsizliyi, hər bir sahə üzrə xüsusi bölmələr nəzərdə tutulub. Məktəbəqədər təhsilin gələcəyi ilə bağlı təhsil ekspertlərinin narahatlığına gəlincə, sektor müdiri deyib ki, BŞİH tabeliyində yeni yaradılan quruma səriştəli pedaqoji işçilər cəlb olunacaq: “Kurrikulumu biz hazırlayırıq, amma kurrikulumun tətbiqi ilə bağlı yerlərdə işi onlar aparacaqlar. Biz gələcəkdə icra hakimiyyətləri ilə sıx əməkdaşlıq şəraitində işimizi qurmalıyıq. Çünki məktəbəqədər təhsil təhsil sisteminin ilk pilləsidir. Buna görə də bağçaların inkişafı yerli icra strukturları ilə Təhsil Nazirliyi arasında əməkdaşlıq şəraitində həyata keçirilməlidir”.

Uşaq bağçaları üçün alternativ

Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev APA-ya bildirib ki, məktəbəqədər təhsil Azərbaycanda problemli məsələyə çevrilib: “Halbuki bir sıra ölkədə məktəbəqədər təhsil təhsilin əsas bünövrəsi hesab olunur. Hətta bir müddət əvvəl yapon alimləri uşaq bağçalarına gedən və getməyən uşaqların sonrakı inkişafı ilə bağlı tədqiqat aparıblar. Məlum olub ki, kiçik yaşlarından uşaq bağçalarına gedən uşaqların daha çox uğur qazanmaq imkanları olur, onlar psixoloji gərginlikdən azad olurlar, cəmiyyətdə özlərini təsdiq etmək imkanları, dünyagörüşləri artır. Bu baxımdan məktəbəqədər təhsil bizim üçün çox vacibdir. Məktəbəqədər təhsil bizim üçün həm də ona görə vacibdir ki, Azərbaycanda ailə ehtiyaclarını ödəmək üçün anaların çoxu işləməyə məcburdur. Əgər uşaq bağçaları yoxdursa, ana əmək fəaliyyəti ilə məşğul ola bilmir. Çox təəssüf ki, Azərbaycanda uşaq bağçaları ilə bağlı həyata keçirilən strategiya müsbət nəticə əldə etməyə yox, əksinə yönəlib. Azərbaycan uşaqlarının 16,1 faizi bağçalara gedir. Bu, o deməkdir ki, ölkədə uşaqların 84 faizi bağçalardan kənar qalıb.
Hazırda ölkədə 1666 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Ehtiyacı ödəmək üçün isə bundan 3-4 dəfə artıq bağça lazımdır. 2006-cı ildə uşaq bağçaları özəlləşməyə çıxarıldı. Təbii ki, niyyət müsbət idi. Təəssüf ki, özünü doğrultmadı. Özəlləşən uşaq bağçalarının cüzi bir hissəsi öz profili üzrə işləyir. Bakı şəhərində 90-a yaxın uşaq bağçası özəlləşib. Onlardan yalnız 10-15-i öz təyinatı üzrə işləyir. Amma ölkə prezidentinin sərəncamında birmənalı olaraq qeyd edilmişdi ki, özəlləşən uşaq bağçaları heç bir halda öz təyinatını dəyişə bilməz. Bu bağçaların yüksək qiymətləri orta azərbaycanlı ailəsi üçün münasib deyil. Növbəti problem bağçaların icra hakimiyyətlərinə verilməsi ilə başladı. Artıq Bakı şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətləri tərəfindən normativlərin tətbiqi (yəni qruplarda 20 nəfərdən çox uşaq olmamalıdır, uşaqların qəbulu üçün mütləq yeni yaradılan idarənin razılığı olmalıdır və s.) həyata keçirilir. Düzdür, yaxşı olar ki, uşaq bağçalarında uşaqların sayı normativlərə uyğun və az olsun. Bu, tədris və uşaqların sağlamlığı baxımından çox vacibdir. Amma biz qrupa 20 uşaq qəbul edib, 80-100 uşağı küçədə buraxırıqsa və normativlərə uyğun işlədiyimizi deyiriksə, az uşağın hüquqlarını qorumaq yolu ilə çox uşağın hüquqlarının pozulmasına şərait yaratmış oluruq. Bu normativlər əvvəldən də vardı. İndiyədək bu normativlərə əməl edən yox idi. Biz hazırda Azərbaycan ailələri üçün alternativ seçim imkanları vermirik. “Təhsil haqqında” qanunda uşaqların məktəbəqədər təhsilə getməsinin zəruri olduğu qeyd edilib, amma biz valideyni məcburən rüşvət verməyə, qeyri-dolayı yollarla uşağını uşaq bağçasına qəbul etdirtməyə həvəsləndiririk. Ən azı bu cür islahatlar həyata keçirilərkən alternativlər olmalıdır. Bu gün bağçalardakı normativlər və çox bahalı özəl bağçalar valideynlər üçün əlçatan deyil. Ona görə də hesab edirəm ki, çox təcili olaraq ölkədə məktəbəqədər təhsilin inkişafı ilə bağlı tədbirlər planı tərtib olunmalıdır. Bir çox ölkənin təcrübəsində bağçaları əvəz edən günərzi qayğı mərkəzləri var. Dövlət QHT-lərə sifariş verib ərazidə uşaqların ehtiyaclarına, sayına uyğun günərzi qayğı mərkəzləri yarada bilər. Belə mərkəzlər uşaqların küçə həyatı keçirməsinin də qarşısını alır”.

Yerli icra hakimiyyəti orqanlarının azyaşlılarla əlaqədar komissiyaları müasir dövrün tələblərinə cavab vermir

N. Quliyev deyib ki, yerli icra hakimiyyəti orqanlarının yetkinlik yaşına çatmayanlarla iş və hüquqlarının müdafiəsi komissiyaları müasir dövrün tələblərinə cavab vermir və uşaq islahatları ilə ayaqlaşa bilmir: “Yenidən onlara səlahiyyət verməklə nəticə əldə edə bilməyəcəyik. Biz əsaslı uşaq müdafiə islahatları aparmalıyıq. Bütün qurumların ləğv olunub yerində vahid, işlək mexanizmi olan qurumun yaradılmasına böyük ehtiyac var. Çünki hazırda bəzi dövlət orqanları bir-birinin fəaliyyətini təkrarlayır, koordinasiya yoxdur. Ona görə də uşaq bağçalarından tutmuş 18 yaşlı uşaqlara qədər xidmət və nəzarət edən quruma ehtiyac var. Ayrıca ixtisaslaşmış qurum olmalıdır. Orta təhsilin səviyyəsi, cəmiyyət üçün yararlı kadrların hazırlığı uşaq bağçalarından başlayır. 1991-ci ildə Azərbaycanda 21 faizə yaxın uşaq uşaq bağçalarına gedib. Deməli, biz müstəqillik dövründə bağçalara gedən uşaqların sayını 5 faiz itirmişik”.

BŞİH: Uşaqların ərzaq təminatında nöqsanlara yol verən bağça müdirlərinə qarşı tədbirlər davam etdiriləcək

Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) isə APA-ya bildirilib ki, ötən 9 ay ərzində təhvil-təslim komissiyaları yaradılıb və bağçaların BŞİH-in tabeliyinə keçirilməsi Təhsil Nazirliyi ilə qarşılıqlı şəkildə həyata keçirilib. Təhsil Nazirliyinin 306, ARDNŞ-nın 39 bağçası BŞİH-in tabeliyinə verilib. Beləliklə, hazırda Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin balansında 345 bağça var. Bu müəssisələrdə 30 minə yaxın uşaq təlim-tərbiyə alır. “Ölkə prezidenti bağçaların keyfiyyətli qida məhsulları ilə təminatını prioritet götürüb. Hazırda bu istiqamətdə ciddi nəzarət tədbirləri həyata keçirilir. Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən indiyədək 7 bağça müdiri işdən çıxarılıb, 16 bağça müdirinə isə şiddətli töhmət verilib. Cəzalandırılan bağça müdirləri uşaqların ərzaq təminatında yol verdikləri nöqsanlara görə vəzifələrindən azad ediliblər. Bu tədbirlər davam etdiriləcək”, - deyə BŞİH-dən bildirilib.

Bağçalarda həyata keçirilən normativlərə gəlincə, BŞİH-dən deyilib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi “Məktəbəqədər təhsil müəssisələrinin nümunəvi əsasnaməsi” və “Məktəbəqədər təhsil müəssisələrində sıxlıq normaları”nda bağçalardakı mövcud qrupların komplektləşdirmə şərtləri göstərilib. Həmin normativlərə əsasən, 1 yaşa qədər uşaqların qrupunda 10, 1-3 yaşlıların qrupunda 15, 3-6 yaşlıların qruplarında isə 20 uşaq olmalıdır: “Bu, dövlətin müəyyən etdiyi standartlardır. Bağçaların metodiki vəsaitlərlə, ərzaqla təminatı həmin standartlar çərçivəsində həyata keçirilir. Hazırda İdarə tərəfindən bu normativlərə tam əməl olunmasına çalışılır. 3 çarpayını birləşdirib orada 4 uşağı yatırtmaq olmaz. Əvvəl-axır bu islahatlar aparılmalı idi. Hazırda dövlət büdcəsində 1 uşağın 1 günlük ərzaq norması 1 manat 65 qəpik nəzərdə tutulub. Nazirlər Kabinetinin standartlarına əsasən isə, həmin məbləğ 3 manatdan yuxarı olmalıdır. Hazırda bağçalarda 1 uşağın günlük ərzaq normasının həmin məbləğə çatdırılması istiqamətində də işlər aparılır. Bu ilin sonuna kimi 60-dan çox bağçanın təmir olunması nəzərdə tutulub. Gələn il isə paytaxtda 100-ə yaxın bağça əsaslı təmir olunacaq və yeni korpuslar tikiləcək. Ümumiyyətlə isə yaxın illərdə paytaxtda bağça çatışmazlığı problemi aradan qaldırılacaq”.

BŞİH məktəbəqədər təhsil müəssisələrinə işə qəbulun daha optimal yolunu axtarır

BŞİH-dan məktəbəqədər təhsil müəssisələrinin metodiki vəsaitlərlə təmin olunmasına dair təhsil ekspertlərinin narahatlığına da münasibət bildirib: “Bağçaların metodiki vəsaitlərlə təmin olunması ilə bağlı problem olmayacaq. Mövcud qanunvericiliyə görə, bu məsələlər Təhsil Nazirliyi tərəfindən həyata keçirilməlidir. Hansı metodiki vəsaitə qrif vermək nazirliyin səlahiyyətindədir. Ümumiyyətlə, bu sahədə Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq nəzərdə tutulur”.

Lakin məktəbəqədər təhsil müəssisələrinə işə qəbulun hansı formada həyata keçiriləcəyini hələlik müəyyənləşdirilməyib: “Hələlik bununla bağlı müxtəlif planlar var. İşə qəbulun daha optimal yolu axtarılır. Çünki bağçalarda işləyən şəxslər təkcə savadlı deyil, eyni zamanda uşaqları sevən və onların psixologiyasına bələd olan şəxslər olmalıdırlar”. Gələn aydan isə Bakıdakı bağça müdirlərinin və tərbiyəçilərin ixtisasartırma kurslarına cəlb olunmasına başlanacaq. Artıq bunun üçün müvafiq siyahılar tərtib olunub, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu və Azərbaycan Müəllimlər İnstitutu ilə danışıqlar aparılıb. İlkin olaraq Bakının məktəbəqədər təhsil müəssisələrində çalışan 300 pedaqoji işçi ixtisasartırma kurslarına cəlb olunacaq.

Qeyd edək ki, Bakıda işdən çıxarılan bağça müdirlərinin yerinə hələlik təyinat aparılmayıb.

Nazirlər Kabineti: Bağça çatışmazlığı dövlətin diqqət mərkəzindədir

Nazirlər Kabinetinin elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri İsmayıl Sadıqov isə APA-ya açıqlamasında deyib ki, məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyindən çıxarılsa da, bu sahədə dövlət siyasətini tənzimləyən əsas orqan elə Təhsil Nazirliyidir: “Məktəbəqədər təhsil sahəsində bütün normativ sənədlər, metodiki vəsaitlər Təhsil Nazirliyi tərəfindən hazırlanır. Biz rayon icra hakimiyyətlərinə də göstəriş vermişik ki, onlar öz fəaliyyətlərində bu metodiki vəsaitləri əsas tutsunlar”.

İ. Sadıqov deyib ki, Bakı üzrə məktəbəqədər təhsil müəssisələri ilə bağlı xüsusi qurum yaradılsa da, rayonlarda belə qurumların yaranmasına ehtiyac yoxdur: “Rayonlarda rayon təhsil şöbələri var. Onlar ikili tabeli qurumlardır. Yəni həm icra hakimiyyətlərinə, həm Təhsil Nazirliyinə tabedirlər. İcra Hakimiyyətlərinə tabe olduğuna görə, rayon təhsil şöbələri məktəbəqədər təhsil müəssisələri ilə də məşğuldurlar”.

Şöbə müdiri Bakıda məktəbəqədər təhsil müəssisələrinə uşaqların yerləşdirilməsi ilə bağlı yaranan çətinliyə də münasibət bildirib: “Məktəbəqədər təhsil müəssisələrinin xüsusi dövlət standartları var. Hansı qrupda neçə uşaq olması bu standartlarla müəyyən edilir. Bağça çatışmazlığı dövlətin diqqət mərkəzindədir. Təhsil müəssisələrinin tikintisi ilə bağlı planlar tutulanda uşaq bağçalarının tikintisi də prioritet götürülür”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR