Azərbaycanın poçt müəssisələrində monitorinq aparılıb

Azərbaycanın poçt müəssisələrində monitorinq aparılıb
# 03 dekabr 2014 09:51 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Ümumdünya Poçt İttifaqının (ÜPİ) xüsusi layihəsinin tətbiqi ilə əlaqədar olaraq “Posteurop”un 6 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycanın poçt müəssisələrində monitorinq aparıb.

“Azərpoçt” MMC-dən “APA-Economics”ə verilən məlumata görə, nümayəndə heyəti Bakının 1 saylı Poçt Filialında, Poçt Daşıma Mərkəzində, Hava Limanının Poçt Daşıma Sahəsində, Abşeron PF-də və Xaçmaz RPF-də monitorinq aparıblar.

“Azərpoçt”da monitorinqin nəticələri mütəxəssislərin iştirakı ilə ətraflı müzakirə edilib. Qəbul zamanı “Azərpoçt”un baş direktoru Qəmbər Bəybalayev nümayəndə heyətinə MMC-nin son illər əldə etdiyi nailiyyətlər, beynəlxalq əlaqələr, eləcə də maliyyə xidmətlərinin tətbiqi ilə bağlı məlumat verib.

“Azərpoçt”da monitorinqin nəticələri ilə bağlı hesabat xarakterli təqdimat mərasimində poçt operatorunun güclü və zəif tərəfləri açıqlanıb, istismar və keyfiyyətin daha da yaxşılaşdırılması barədə təkliflər verilib. Nümayəndə heyətinin verdiyi məlumata görə, son təkliflər paketi bu ayın sonunda göndəriləcək.

Qeyd edək ki, son təkliflər paketi “Azərpoçt” MMC-yə daxil olduqdan sonra geniş tədbirlər planının tərtib edilərək il yarım ərzində həyata keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR