Azərbaycanın Gürcüstandakı səfiri mühacirətdə olan Suxumi Dövlət Universitetində görüş keçirib

Azərbaycanın Gürcüstandakı səfiri mühacirətdə olan Suxumi Dövlət Universitetində görüş keçirib
# 20 may 2010 13:33 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev mühacirətdə olan və müvəqqəti Tiflisdə yerləşən Suxumi Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri ilə görüşüb. Azərbaycanın Gürcüstandakı səfirliyindən APA-ya verilən məlumata görə, Azərbaycanın Respublika Gününə həsr olunmuş görüş YUNESKO-nun dəstəyi ilə universitet tərəfindən həyata keçirilən «Səfir Saatı» layihəsi çərçivəsində keçirilib.

Görüş çərçivəsində universitetdə Azərbaycan guşəsinin açılışı da keçirilib, səfir oraya Azərbaycanın tarixi və mədəniyyətinə dair kitablar və digər çap məhsulları hədiyyə edib. Səfir deyib ki, görüş layihə çərçivəsində keçirilsə də, səfirliklə universitet arasında münasibətlər çoxdan qurulub, bir çox sahələri əhatə edir, universitetin müəllimləri səfirliyin keçirdiyi tədbirlərdə aktiv iştirak edirlər.

Tədbirdə universitetin rektoru Coni Apakidze giriş nitqi ilə çıxış edib. Azərbaycan haqqında film nümayiş etdiriləndən sonra səfir Azərbaycan iqtisadiyyatının vəziyyəti, ölkədə aparılan islahatlar barədə məlumat verib. Diplomat Ermənistan tərəfindən Qarabağın işğal olunmasına xüsusi yer ayırıb, deyib ki, Qarabağ tarixən Azərbaycan torpaqları, Azərbaycan mədəniyyətinin beşiyidir. N. Əliyev deyib ki, Qarabağın işğalı Qafqazda etnik təmizləmə prosesinə start verib: “Tarixən polietnik Qafqaz, erməniləşmə vasitəsilə monoetnik zonalar adasına çevrilməyə başlayıb. Bu gün Ermənistanda ermənilərdən başqa demək olar ki, başqa millətlərin təmsilçiləri yaşamırlar. İşğal və etnik təmizləmədən sonra Qarabağda da həmin vəziyyət yaranıb. Bu siyahıya Cənubi Qafqazın digər ölkələrində baş verənləri də əlavə etmək olar. Qafqazın gələcəyi və tarixən bu regionda yaşayan xalqların birgə yaşamı naminə bu proses dayandırılmalıdır”.

Səfir müəllim və tələbələrin suallarını da cavablandırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR