Göyçay sahibkarlarından investisiya layihələrinin qəbuluna başlanılır

Göyçay sahibkarlarından investisiya layihələrinin qəbuluna başlanılır
# 25 noyabr 2014 06:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Göyçay rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, SKMF noyabrın 20-də Göyçay rayonunun Ulaşlı Şıxlı kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, SKMF tərəfindən Göyçay rayonu üzrə sahibkarlıq subyektlərindən ixtisaslaşdırılmış “yaşıl market”in və fermer mağazalarının, 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının və intensiv bağçılıq (nar və üzüm) və nar tingçiliyi təsərrüfatlarının yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR