Kiyevdə GUAM-ın iqtisadiyyat və ticarət üzrə işçi qrupunun iclası keçirilib

Kiyevdə GUAM-ın iqtisadiyyat və ticarət üzrə işçi qrupunun iclası keçirilib
# 17 mart 2012 09:42 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Martın 15-16-da GUAM-ın Kiyev şəhərində yerləşən Katibliyində təşkilatın iqtisadiyyat və ticarət üzrə işçi qrupunun XII iclası keçirilib. APA-nın məlumatına görə, toplantıda üzv ölkələrin müvafiq qurumları, səfirlikləri və Katibliyin nümayəndələri iştirak ediblər.

İclasda GUAM ölkələri arasında 2011-ci il üzrə ticarət dövriyyəsi ilə bağlı məlumat verilib. Həmçinin, təşkilata üzv olan dövlətlər arasında 2002-ci il iyulun 20-də imzalanmış Azad ticarət zonası haqqında Sazişə qoşulan tərəflərin işini əlaqələndirən işçi orqanının yaradılması və fəaliyyəti Qaydasının təsdiqlənməsi ilə bağlı protokolun layihəsi razılaşdırılaraq təsdiq olunub. Bununla yanaşı, malların mənşəyinin müəyyənləşdirilməsi qaydalarının layihəsi müzakirə olunaraq təsdiq edilib.

GUAM Katibliyi aprelin 30-da Tbilisidə keçiriləcək Azərbaycan və Gürcüstan developerlərinin forumu haqqında da məlumat verib.

Qeyd edək Ki, işçi qrupunun növbəti iclası bu ilin ikinci yarısında keçiriləcək. Toplantının keçiriləcəyi yer və tarix isə üzv dövlətlər arasında diplomatik kanallarla dəqiqləşdiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR