Şamaxı rayonunun Muğanlı kəndində torpaq sürüşməsi aktivləşib, daha 36 evdə çatlar əmələ gəlib

Şamaxı rayonunun Muğanlı kəndində torpaq sürüşməsi aktivləşib, daha 36 evdə çatlar əmələ gəlib
# 22 mart 2012 06:46 (UTC +04:00)
APA-nın yerli sakinlərə istinadən verdiyi məlumata görə, kəndə yağıntının normadan artıq düşməsi səbəbindən qəzalı vəziyyətdə olan evlərin sayı artaraq 50-ə çatıb.

Sakinlərin sözlərinə görə son 3-4 gündə ərazidə torpaq sürüşməsi daha da aktivləşib. Kəndin bəzi hissələri 8-10 metrədək sürüşməyə məruz qalıb. Son bir ildə qəzalı vəziyyətdə olan 14 ev isə tamamilə yararsız hala düşüb.

Kənd sakini Firudin Səfərov APA-ya bildirib ki, sürüşmə sahəsi gündən-günə böyük ərazini əhatə edir: “Demək olar ki, hər gecə torpaq 1-2 metr axır. Kənd camaatı qorxu içində yaşayır. Bir ay öncəyədək 14 ev, hazırda isə 50 ev təhlükə altındadır. Evlərin hamısının divarlarında çatlar əmələ gəlib”.

Kənd sakini Bayram Rəsulov da artıq bir neçə ildir, bu ərazidə torpaq sürüşməsinin mütəmadi olaraq baş verdiyini bildirib: “Bu il yağıntının çox düşməsi nəticəsində kənddə vəziyyət daha da ağırlaşıb. Sürüşmə zonasında olan torpaq çatlarının ölçüləri də artıb, sürüşmə prosesi daha böyük ərazilərə yayılıb”.

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Ağamustafa Vahidov APA-ya bildirib ki, rayonda ən aktiv sürüşmə zonası hal-hazırda Muğanlı kəndinin ərazisidir: “Təbii torpaq sürüşməsi nəticəsində evlərə ziyan dəyib. Mütəxəssislər kənddə olub, evlərə baxış keçirilib. Vəziyyət nəzarət altındadır, həmin kənddə bir o qədər də təhlükəli hal yoxdur. Kəndin köçürülməsi hələlik nəzərdə tutulmur. Yalnız qəzalı evlərin sakinləri üçün yeniləri tikiləcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR