Bu gündən bəzi Rusiya avtomobillərinin Azərbaycana idxalına qadağa qoyulub

Bu gündən bəzi Rusiya avtomobillərinin Azərbaycana idxalına qadağa qoyulub
# 01 oktyabr 2012 10:26 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

A.Əliyev qeyd edib ki, hökumətin qərarına uyğun olaraq, oktyabrın 1-dən artıq bəzi avtomobillər ölkəyə buraxılmır: «Söhbət «VAZ-2107» və «VAZ-2115» markalı avtomobillərdən gedir».

Komitə sədri bildirib ki, əslində bu qadağa yalnız bu gündən qüvvəyə minsə də, belə maşınlar Azərbaycana artıq bir neçə aydır ki gətirilmir: «Son 3-4 ay ərzində bu maşınların ölkəyə idxalı ümumiyyətlə olmayıb, baxmayaraq ki, qadağa bu gündən qüvvəyə minib. Bu gündən etibarən isə həmin maşınlar ümumiyyətlə ölkəyə buraxılmayacaq».

A.Əliyev «Euro-3» yanacaq standartına cavab verməyən və istehsal tarixi 2001-ci ilədək olan avtomobillərin Azərbaycana gətirilməsinə qadağa qoyulması barədə məlumatlara aydınlıq gətirərək belə qərarın olmadığını bildirib: «Hələlik bununla bağlı heç bir yenilik yoxdur, qərar qəbul olunsa onu icra edəcəyik, amma oktyabrın 1-i tarixinə belə qərar yoxdur».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR