BDU-da YAP-ın 20-ci ildönümü münasibətilə tədbir keçirilib

BDU-da YAP-ın 20-ci ildönümü münasibətilə tədbir keçirilib
# 05 noyabr 2012 11:51 (UTC +04:00)
Bakı. Könül Kamilqızı – APA Bu gün Bakı Dövlət Universitetində (BDU) Yeni Azərbaycan Partiyasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Abel Məhərrəmov partiyanın keçdiyi inkişaf yoluna qısaca nəzər salıb.

O bildirib ki, hakim partiya Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ağır sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. YAP yarandığı vaxtdan ölkənin ictimai-siyasi həyatına həlledici təsir göstərib: “Əlbəttə, bu təsadüfi deyildi. YAP-ın qurucusunun dünya miqyaslı tanınmış böyük siyasətçi, Azərbaycan xalqının inandığı və sevdiyi dahi bir şəxsiyyətin olması bu prosesdə mühüm və əhəmiyyətli rol oynayıb. Qısa zaman içərisində minlərlə Azərbaycan vətəndaşının Heydər Əliyevin qurucusu olduğu partiyaya üzv olması bunu bir daha bariz şəkildə təsdiq edir. YAP sıralarına daxil olan və xalqın mütərəqqi qüvvələrini təmsil edən vətəndaşlar Heydər Əliyevin ətrafında birləşərək, dərin böhrana düçar olmuş Azərbaycanı xilas etmək yolunda öz töhfələrini verməyə çalışırdılar. YAP-ın yarandığı tarixi zamana, həmin vaxtlarda Azərbaycanda cərəyan edən hadisələrə nəzər saldıqda YAP-ın cəmiyyətdə oynadığı rol daha aydın şəkildə özünü büruzə verir. Artıq bu gün nəinki Azərbaycanda, qonşu ölkələrdə də Yeni Azərbaycan Partiyası kimi güclü, mütəşəkkil qüvvə yoxdur”.

YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov isə partiyanın 20 il ərzində keçdiyi yola nəzər salıb. O bildirib ki, 20 il əvvəl YAP-ın yaranması üçün fəaliyyət göstərən beyin mərkəzlərindən biri də BDU olub: “Hətta partiyanın yaranması üçün Heydər Əliyevə müraciət edən 91 nəfərin 17-si BDU-nun müəllim və professorları idi. Bu gün də partiya sıralarında təmsil olunan 600 minə yaxın üzvün arasında BDU-nun potensialı mühüm rol oynayır”.

“Təbii ki, YAP-ın yaranmasının 20 illiyi əlamətdar hadisədir. Məmnunluq hissi ilə deyə bilərəm ki, bu illər ərzində YAP iqtidarda olub. Ötən 20 il Azərbaycanın qarşılaşdığı problemlərin çözülmə, inkişaf illəri olub. Bizim xidmətimizin nəticəsi göz önündədir. Bunu ölkənin hər bir vətəndaşı görür, hiss edir”, - deyə o əlavə edib.

Tədbirin davamında BDU-nun bir qrup tələbəsinə YAP-ın üzvlük vərəqəsi təqdim edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR