Müsavat Partiyası Nigar Yaqublunun həbsi ilə bağlı bəyanat yayıb

Müsavat Partiyası Nigar Yaqublunun həbsi ilə bağlı bəyanat yayıb
# 12 sentyabr 2012 12:34 (UTC +04:00)
Bakı. Pərin Abbasov – APA. Müsavat Partiyası Nigar Yaqublunun barəsində iki aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı bəyanat yayıb. Partiyadan APA-ya daxil olan bəyanatda bildirilib ki, Daxili İşlər Nazirliyinin 25 avqust 2012-ci ildə Bakı-Şamaxı yolunda baş vermiş hadisə ilə bağlı sentyabrın 11-də yaydığı məlumatdakı bir sıra məqamlar həqiqətə uyğun deyil: “İstintaq orqanı hərtərəfli araşdırma və təhqiqat aparmadan avtomobil qəzasının törədilməsində Müsavat Partiyasının üzvü Nigar Yaqublunu günahkar sayır. Dünən Abşeron Rayon Məhkəməsi Azərbaycan məhkəmə praktikasında çox nadir hallarda rast gəlinən bir qərar çıxarıb – Nigar Yaqublu haqqında iki aylıq həbs-qətimkan tədbiri seçilib. Bu, təkcə humanizm prinsiplərinə zidd qərar deyil, həm də az ağır cinayətlər törədildikdə həbs-qətimkan tədbirinin seçilməsi praktikasının məhdudlaşdırılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Avropa Konvensiyasına uyğun qəbul etdiyi qərarına da ziddir”.

Müsavat Partiyası hesab edir ki, N. Yaqublu həbsə alınmadan da hadisə ilə bağlı istintaq hərəkətləri aparmaq olar: “Bu istintaqın obyektiv, qərəzsiz və ədalətli aparılacağı təqdirdə şübhəsiz, onun təqsirsizliyi sübut olunacaq”.

Müsavat Partiyası əmin olduğunu bildirir ki, Abşeron Rayon Məhkəməsinin yanlış qərarının dəyişdirilməsi, gənc qızın dərhal azadlığa buraxılması yönündə təxirəsalınmaz və təsirli tədbirlər görüləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR