Azərbaycanda yeni medal təsis olunub

Azərbaycanda yeni medal təsis olunub
# 01 oktyabr 2012 13:45 (UTC +04:00)
APA-nın məlumatına görə, Milli Məclisin (MM) bugünkü iclasında «Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi» yubiley medalının təsis edilməsi ilə əlaqədar «Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında» qanuna dəyişiklik edilib.

MM-in Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli qanun layihəsini təqdim edərək bildirib ki, bu medalla Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda fəal iştirakına görə, dövlət müstəqilliyinin qorunub saxlanmasında və inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.

Medal döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, «Tərəqqi» medalından sonra taxılır. Yubiley medalı ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 35 mm olan dairəvi lövhədən ibarətdir. Medalın ön tərəfi üzərində iri səkkizguşəli ulduzun içərisində olan Azərbaycan Respublikasının xəritəsində «20 il» sözləri həkk olunub. Ulduzun guşələri arasında olan hissədə səkkiz ədəd xırda fiqurlar əks olunub. Medalda çevrə boyunca «Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi» sözləri yazılıb. Medalın arxa tərəfi hamar səthlidir, orta hissəsində qızıl rəngli «Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi» sözləri, aşağı hissədə «1991-2011» rəqəmləri, yuxarı hissədə medalın seriyası və nömrəsi həkk olunub. Bütün yazılar və təsvirlər qabarıqdır. Xara lentin üzərində ardıcıl sıralanan, dövlət bayrağının rənglərini əks etdirən mavi, qırmızı, yaşıl rəngli bərabər ölçüdə üfüqi zolaqlar, kənarlarında isə 1 mm enində qızılı rəngli şaquli zolaqlar təsvir olunub. Lentin üst hissəsinə eni 4 mm olan qızıl təbəqə bərkidilir. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçüdə qəlib əlavə olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR